Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin dəstəyi və Qarabağ Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılova, Xocalı şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Nəvai Həsənov, müəllimlər, şagirdlər və tələbələr iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə açıq elan edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Xocalı şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Nəvai Həsənov Xocalı faciəsinin iştirakçısı olaraq xatirələrini bölüşüb.
Çıxış edənlər vurğulayıb ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi. Və bu gün təhsil işçiləri olaraq Böyük Qayıdışla əlaqədar yeni fəaliyyətə başlayan təhsil müəssisələrində keyfiyyətli tədrisin təmin edilməsnin önəmindən, şagird nailiyyətlərinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsindən danışılıb.
Tədbirin sonunda Xocalı faciəsinə və Zəfər tarixinə dair videoçarx təqdim edilib, tələbələr tərəfindən ədəbi-bədii kompoziyalar nümayiş edirilib.