Naxçıvanda dövlət sektorunun maliyyə şəffaflığı ilə bağlı təlim keçirilib
Tehsil.biz xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzində Azərbaycan Respublikası Hesablama Palatası əməkdaşlarının “Maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi” mövzusunda təlimi təşkil olunub. Tədbirdə Hesablama Palatasının nümayəndələri ilə yanaşı, universitetin Maliyyə şöbəsinin müdiri Səfəralı Abdullayev və mühasib Fuad Məmmədli iştirak ediblər.
Təlimdə Hesablama Palatasının Ümumdövlət xidmətlərinin auditi şöbəsinin müdiri Yaşar Əzizov Prezident İlham Əliyevin dövlət satınalmaları ilə bağlı 2023-cü ildə imzaladığı sərəncamın əsas məqamlarını iştirakçılara təqdim edərək, maliyyə intizamının gücləndirilməsi və şəffaflığın artırılması baxımından onun əhəmiyyətini vurğulayıb.
Daha sonra Hesablama Palatasının Maliyyə, təchizat və informasiya texnologiyalarına dəstək şöbəsinin müdir müavini, sektor müdiri və baş mühasibi Qönçə Qasımova büdcə təşkilatlarının maliyyə vəsaitlərinin düzgün idarə olunması, təyinatı üzrə xərclənməsi və hesabatlılıq prinsipləri barədə geniş məlumat verib.
Təlimdə çıxış edən Hesablama Palatasının Naxçıvan MR üzrə idarəsində məsləhətçi Elvin Nağıyev, maliyyə hesabatlarında tez-tez rast gəlinən nöqsanlar və onların aradan qaldırılması yolları barədə danışıb. O, vəsaitlərin düzgün bölüşdürülməsinin və şəffaflığın təmin olunmasının vacibliyini qeyd edib.
Müzakirələrlə davam edən seminar, dövlət sektorunda maliyyə hesabatlılığının gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilib.