Logo

BDU-da tədbir: “Xocalı - qan yaddaşımız”

26.02.2025 12:58 33 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşəbbüsü ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı - qan yaddaşımız” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərin tarixi, Xocalı soyqırımının başvermə səbəbləri və onun doğurduğu ağır nəticələr, bu qanlı aksiyaya hüquqi-siyasi qiymətin verilməsi və onun dünya ictimaiyyətinə layiqincə çatdırılması istiqamətində görülən mühüm işlərdən söz açıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qazandığı parlaq qələbə ilə şəhidlərimizin qanlarının yerdə qalmayıb. 2023-cü ilin sentyabr ayında birgünlük lokal antiterror əməliyyatında Azərbaycan Ordusu tarixi torpaqlarımızı, o cümlədən Xocalı rayonunu işğaldan azad edib, Hazırda Xocalıda həyata keçirilən mühüm quruculuq işləri, o cümlədən “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2025-ci il tarixli Sərəncamı tarixi Zəfər nəticəsində əldə olunan qələbənin böyük təntənəsidir.

“Azərbaycan ədəbiyyatında Xocalı mövzusu” adlı məruzə ilə çıxış edən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu müstəqillik dövrü ədəbi düşüncəsində Qarabağ, o cümlədən Xocalı mövzusunun bədii inikasından, bu istiqamətdə yazılmış mühüm əsərlərdən söz açıb. Bildirib ki, Xocalı faciəsi və Qarabağ müharibəsi mövzusunda yazılmış ən gözəl əsərləri fərqləndirən başlıca cəhəti insanın taleyinə həssaslığın, torpağa və yurda olan sevginin ifadəsində daha aydın görmək olar. Esmira Məhiqızı, Aqil Abbas, Zemfira Məhərrəmli və başqa ədiblərin yaradıcılığından söz açan məruzəçi qeyd edib ki, Xocalı faciəsinin bədii ədəbiyyatda işıqlandırılmasının son dərəcə ehtiyat tələb edən cəhətlərindən biri də bu mövzunun məktəblilərə, gənc nəslə düzgün təqdim edilməsidir: “44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan gəncliyi Qarabağı nifrət və kin gücünə deyil, öz yurdumuza, dəyərlərimizə məhəbbət gücünə xilas edib. Bu, həm də gəncliyimizin yiyələndiyi müasir elmin, intellektin, dünyanı heyrətə gətirən texnologiyanın və hərb peşəkarlığının qələbəsidir”.

Tədbir tələbələrin çıxışları ilə davam edib.

BDU-da tədbir: “Xocalı - qan yaddaşımız”
BDU-da tədbir: “Xocalı - qan yaddaşımız”
BDU-da tədbir: “Xocalı - qan yaddaşımız”
BDU-da tədbir: “Xocalı - qan yaddaşımız”

 

Xəbər lenti