Logo

Azərbaycan arxeoloqları türk ölkələrinin tarixi üzrə akademik əsərin yaradılmasında iştirak edəcəklər

25.02.2025 14:03 63 baxış
IMG

Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun kampusunda “Türk dünyası tarixi” mövzusunda seminar keçirilib. Tədbirə ilk dəfə olaraq Türk dünyası arxeologiya institutlarının rəhbərləri də dəvət olunublar. Dəvətlilər sırasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev də olub.

Arxeologiya və Antropologiya İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, seminarın açılışında Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım çıxış edib. O bildirib ki, toplantıda türklərin tarixindən, qədim zamanlardan bu günə qədər keçdikləri proseslərdən, hansı dövlətləri qurduqlarından, dünya sivilizasiyasına hansı əsərlər qoyub getdiklərindən bəhs olunacaq. Bu görüş ortaq türk tarixini işıqlandıracaq mühüm bir addımdır.

Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun prezidenti Derya Örs çıxışında Türk dünyasının minilliklərə söykənən köklü tarixi, zəngin mədəni irsi və güclü ictimai quruluşu ilə dünya tarixində mühüm yer tutduğunu bildirib. Qloballaşan dünyada güclü olmağın yolunun birlik və həmrəylikdən keçdiyini vurğulayan D.Örs deyib: “Şübhəsiz ki, dilimiz, tariximiz, mədəniyyətimiz bu birliyi və həmrəyliyi mümkün edəcək. Beləliklə, ortaq əlifba araşdırmalarının göstərdiyi kimi, ortaq tarix araşdırmaları da bizi bir-birimizə yaxınlaşdıracaq”.

Türk Tarix Qurumunun prezidenti Yüksel Özgen Türk dünyası dedikdə 300 milyonluq əhali ilə yanaşı, 4,5 milyon kvadratkilometr geniş coğrafiya və 4 trilyon dollarlıq iqtisadi gücün, maddi terminlərlə ifadə edilə bilməyən geniş bir tarix, köklü bir mədəniyyət və güclü sivilizasiyanın nəzərdə tutulduğunu vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev akademik tarixşünaslığın məqsədlərini və layihənin vaxt çərçivəsini vurğulayaraq bu prosesin 2025-ci ilin sonuna qədər yekunlaşacağını bildirib.

Çıxışlardan sonra Türk dünyası tarixinin yazılması üçün görüləcək işlərlə bağlı müzakirələr keçirilib. Görüşün yekununda Türk dünyası beynəlxalq qurumların, eləcə də tarix və arxeologiya institutlarının rəhbərləri türk ölkələrinin tarixinə dair akademik əsərin yaradılması üzrə birgə işi nəzərdə tutan əməkdaşlıq haqqında protokol imzalayıblar.

Xəbər lenti