Logo

“Əmrah Həsənli: Xocalı - Tariximizin qanlı yaddaşı, Zəfərimizin ilham mənbəyidir!”

25.02.2025 14:33 61 baxış
IMG

1992-ci il fevralın 26-sı Azərbaycan xalqının yaddaşına silinməz bir iz buraxdı, insanlıq tarixində ən dəhşətli cinayətlərdən biri kimi həkk olundu. Həmin gecə Xocalı şəhəri, sakinləri ilə birlikdə amansız bir qətliama məruz qaldı. Erməni silahlı qüvvələri və onların havadarları 613 günahsız insanı – qadınları, uşaqları, qocaları və körpələri qəddarcasına qətlə yetirdi. Minlərlə insan yaralandı, 1275 nəfər əsir götürüldü və insanlığa sığmayan işgəncələrə məruz qaldı. 150 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır.

Lakin Xocalı yalnız bir gecədə törədilmiş soyqırımı deyil, həm də xalqımıza qarşı illərlə davam edən etnik təmizləmə siyasətinin qanlı təzahürü idi. Bu şəhər tamamilə yerlə-yeksan edildi, evlər, məktəblər, mədəniyyət ocaqları dağıdıldı, bir xalqın dinc yaşayış məskəni xarabalığa çevrildi. Xocalı işğalı sadəcə torpaq itkisi deyildi – bu, bəşəriyyətə qarşı yönəlmiş bir cinayət idi!

Faciənin dəhşətli miqyasına baxmayaraq, beynəlxalq ictimaiyyətin sükutu və biganəliyi illər boyunca davam etdi. Bəşəriyyət üçün utancverici olan bu ədalətsizlik Azərbaycan xalqını sarsıtmaq əvəzinə daha da birləşdirdi, onu haqq savaşına səfərbər etdi. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və onun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bu faciənin dünyaya çatdırılması üçün qətiyyətli addımlar atdı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası beynəlxalq səviyyədə geniş əks-səda doğurdu və dünyanın bir çox ölkəsi bu vəhşiliyi soyqırımı kimi tanıdı.

Lakin Azərbaycan xalqı heç vaxt yalnız tarixi ədalətin kağız üzərində bərpa olunmasını kifayət hesab etmədi. O, haqq savaşını sona qədər davam etdirdi! Və nəhayət, 2020-ci ildə, 44 günlük Vətən müharibəsində tarixi ədalət bərpa olundu! Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın misilsiz iradəsi sayəsində Qarabağımız azad edildi. Üçrəngli bayrağımız Xocalının, Şuşanın, Xankəndinin və işğaldan azad olunmuş hər qarış torpağımızın üzərində dalğalandı! Bu zəfər – Xocalı şəhidlərinin qanının yerdə qalmadığını, xalqımızın əyilməz iradəsinin, haqqın və ədalətin qalib gəldiyini dünyaya sübut etdi!

Bu gün biz Xocalını yalnız bir faciə kimi xatırlamırıq! Biz onu düşmənə qalib gəlmiş, haqqını bərpa etmiş, torpaqlarını azad etmiş, qalib Azərbaycanın bir simvolu kimi anırıq. Xocalının qurbanları yalnız şəhid deyil – onlar ədalətin bərpa olunması uğrunda mübarizənin ilham mənbəyi, zəfərimizin yolunu açan müqəddəs qurbanlardır! Biz onların xatirəsini daim uca tutacaq, Xocalının səsini dünyaya çatdırmağa, ədaləti qorumağa davam edəcəyik!

 

 

Təhsil eksperti, Əmrah Həsənli

Xəbər lenti