Logo

Rektor universitetdə elmi-tədqiqat təcrübəsi keçən qazaxıstanlı tələbələrlə görüşüb

25.02.2025 15:59 35 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov Geoloji Kəşfiyyat fakültəsində (GKF) 2 həftəlik elmi-tədqiqat təcrübəsini başa vuran Qazaxıstanın Satbayev Universitetinin magistr tələbələri ilə görüşüb.  

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, rektor R.Əzizov iki ali məktəb arasında mövcud dostluq və birgə layihələr üzrə səmərəli əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib. 

Satbayev Universitetinin tələbələri ADNSU-da çox mehriban qarşılandıqlarını, təcrübə keçdikləri Geoloji Kəşfiyyat fakültəsinin professor və müəllimləri ilə çalışmanın onlar üçün çox faydalı olduğunu qeyd ediblər. Tələbələr ADNSU-da elmi tədqiqatlarda iştiraklarının, zəngin kolleksiyası olan Mineralogiya Muzeyində gördüklərinin biliklərini əhəmiyyətli dərəcədə artırdığını, onları düşündürən bir sıra suallara cavab tapdıqlarını bildiriblər.

Qazaxıstanlı tələbələr ADNSU-da Metrologiya İnstitutu ilə birgə yaradılmış “AzMİ Akademiya”nın laboratoriyalarından məmnun qaldıqlarını, yeni nəsil standartlar və ölçmələrlə tanış olduqlarını, gələcəkdə doktorantura təhsili zamanı ADNSU-nun alimləri ilə birgə elmi işlərini davam etdirmək istədiklərini bildiriblər. 

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qazaxıstanlı tələbələrin universitetdə keçdikləri elmi-tədqiqat təcrübəsinin onlar üçün faydalı olmasından məmnunluğunu ifadə edib və onlara uğurlar arzulayıb.

Görüşün sonunda rektor R.Əzizov tələbələrə hədiyyələr təqdim edib, onlarla xatirə şəkli çəkdirib.

 

 

 

 


 

Xəbər lenti