Fevralın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə keyfiyyət monitorinqinin nəticələrinə həsr olunmuş görüş keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, görüşdə agentliyin direktor müavini Vəfa Yaqublu, regional təhsil idarələrinin əməkdaşları və 100-ə yaxın keyfiyyət monitorinqi həyata keçirilmiş təhsil müəssisələrinin direktorları iştirak edib.
Görüş zamanı aparılmış keyfiyyət monitorinqinin nəticələri müzakirə olunub, təhsil müəssisələrinin fəaliyyətinin təhlili aparılıb və təhsilin keyfiyyətinin artırılması istiqamətində təkliflər irəli sürülüb.
Monitorinq nəticələrinə əsasən, tədris keyfiyyəti ilə bağlı bir sıra çatışmazlıqların aşkar edildiyi bildirilib.
Müəssisə rəhbərlərinə təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bir neçə əsas istiqamət xüsusi vurğulanıb:
Şagirdlərdə öyrənmə bacarıqlarını formalaşdırmaq və təkmilləşdirmək üçün şəraitin yaradılması, onlarda yaradıcı düşünmə, problem həlletmə, öyrəndiklərini digər fənlərlə və real həyatla əlaqələndirmək bacarıqlarının inkişaf etdirilməsi;
Tədris prosesinin məqsədyönlü planlanması, formativ qiymətləndirmənin səmərəli aparılması və müasir tədris resurslarının effektiv istifadəsi;
Müəllimlərin metodiki bacarıqlarının artırılması, şagirdlərə fərdi yanaşması və motivasiyaedici tədris mühitinin yaradılması;
Müasir və şagirdyönümlü təlim metodlarının tətbiqi, interaktiv dərslərin təşkili və tənqidi düşünməni inkişaf etdirən yanaşmaların genişləndirilməsi;
Müstəqil düşünmə və özünüifadə bacarıqlarının artırılması, öyrənilən biliklərin real həyatla əlaqələndirilməsi və aktiv iştirakın təşviqi.
Bununla yanaşı, monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və təhsil müəssisələrinin inkişaf strategiyalarının formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb, müasir tədris metodlarının tətbiqinin zəruriliyi vurğulanıb.
Çatışmazlıqların aradan qaldırılması üçün metodiki dəstəyin gücləndirilməsi və müəllimlərin yenilənmiş tədris yanaşmalarına yiyələnməsi istiqamətində addımların atılmasının vacibliyi qeyd edilib.