Logo

Lənkəran şəhərində “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı” mövzusunda tədbir keçirilib

17.02.2025 14:26 105 baxış
IMG

Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Əqli Mülkiyyət Agentliyinin köməyi ilə “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən “Əqli mülkiyyət hüququ sahiblərinin müdafiə potensialının artırılması” layihəsi çərçivəsində Lənkəran şəhərində “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı” mövzusunda təlim keçirilib.

Agentlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, Lənkəran Dövlət Universitetində təşkil olunan tədbiri rektor Natiq İbrahimov açaraq, belə tədbirlərin yaradıcı şəxslərin əqli mülkiyyət sahəsində məlumatlılığının artırılması, müəlliflik hüququ ilə bağlı biliklərinin təkmilləşdirilməsi baxımından vacib olduğunu qeyd edib.

“Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Bakı Dövlət Universitetinin dosenti Bəxşeyiş Əsgərov təlimin məqsədinin yaradıcı şəxslərin əqli mülkiyyət hüquqlarının qorunması və yaradıcılıq nəticələrindən istifadə ilə bağlı biliklərinin genişləndirilməsi, onların yaradıcılıq potensialının gücləndirilməsi istiqamətində görülən işlərə dəstək verilməsi və yaradıcılıq məhsullarını yaradıcı şəxslərin maddi-mənəvi və sosial təminatının yüksəldilməsinə yönəltmək olduğunu diqqətə çatdırıb. O, tədbirin əqli mülkiyyət hüquqları sahiblərinin sahə üzrə biliklərinin təkmilləşdirilməsinə fayda verəcəyinə ümidvar olduğunu deyib.

Sonra Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin hüquqşünası Aydın Kərimov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

N.İsayev əqli mülkiyyət sahəsinin inkişafının, elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması sahəsində fəaliyyətə dəstək verilməsinin dövlət siyasətinin prioritetləri sırasında olduğunu qeyd edərək, ölkəmizdə yaradıcı şəxslərin hüquqlarının təminatı sisteminin gücləndirilməsi, yaradıcılıq üçün daha əlverişli şəraitin yaradılması, yaradıcılıq fəaliyyətinin stimullaşdırılması və həvəsləndirilməsi istiqamətlərində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

Agentliyin eksperti əqli mülkiyyətin mədəni, sosial və iqtisadi sahələrdə rolu barədə danışaraq, ölkəmizdə əqli mülkiyyət sahəsində mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla yaradılmış qanunvericilik bazası və idarəçilik sistemi barədə ətraflı məlumat verib. O, əqli mülkiyyət sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktları, əqli mülkiyyət obyektlərindən istifadə ilə bağlı məsələlərin tənzimlənməsində müəllif müqavilələrinin düzgün tərtib edilməsinin əhəmiyyəti, Agentlikdə yaradılmış qeydiyyat, o cümlədən elektron qeydiyyat sistemi, qeydiyyatın üstünlükləri, pozulmuş hüquqların bərpası ilə bağlı qanunvericiliyin yaratdığı imkanlar, müəllif hüquqlarının qorunması ilə bağlı Agentliyə edilən müraciətlər və bunların əsasında görülən işləri diqqətə çatdırıb. Həmçinin müzakirələrin gedişində dövlətimizin əqli mülkiyyət sahəsində beynəlxalq əlaqələri, bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarda iştirakı, ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilə və sazişlər çərçivəsində müəlliflərin xarici ölkələrin ərazilərində hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Təlimdə məruzə ilə çıxış edən A.Kərimov əqli mülkiyyətin cəmiyyətin sosial-mədəni inkişafında, yaradıcı şəxslərin əqli mülkiyyət nümunələrinin kommersiya istifadəsinin düzgün təşkil edilməsinin onların maddi vəziyyətinin yüksəldilməsində əhəmiyyəti barədə danışıb. O, Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Əqli Mülkiyyət Agentliyinin köməyilə Hüquqi Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi “Əqli mülkiyyət sahiblərinin potensialının gücləndirilməsi” layihəsinin əsas məqsədinin yaradıcı şəxslərin əqli mülkiyyət hüquqlarının qorunmasına, stimullaşdırılmasına, yaradıcılıq imkanlarının artırılmasına kömək etmək olduğunu söyləyib. Bu məqsədlə ölkəmizin 4 regionunda görüşlər və təlimlərin keçirildiyini vurğulayan A.Kərimov dövlətin yaradıcı şəxslərə qayğısı, mövcud qanunvericiliyin yaratdığı imkanlardan yararlanmaq vərdişlərinin aşılanması, müəlliflərin hüquqları və onların qorunması mexanizmləri haqqında məlumat verib, praktiki bacarıqların öyrədilməsi və tətbiq edilməsi ilə bağlı tövsiyələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra o, yaradıcılıq təşkilatlarının üzvlərinin - rəssamlar, yazıçılar, musiqiçilər, elm adamları və ziyalıların fərdi və sahəvi problemlərinin həllində belə tədbirlərin müsbət praktiki əhəmiyyəti olduğunu və bu çərçivədə keçirilmiş əvvəlki tədbirlərin ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını qeyd edib.

İnteraktiv rejimdə keçirilən təlimdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifliyi ilə nəşr olunan əqli mülkiyyət hüquqları, innovasiya və kreativ iqtisadiyyat, sənaye mülkiyyəti, müəlliflik hüququ, erməni saxtakarlıqlarına qarşı mübarizə və digər mövzularda kitablar təlim iştirakçılarına paylanılıb.

Xəbər lenti