Logo

ADPU Çin universiteti ilə əməkdaşlıq edəcək

05.11.2025 18:03 44 baxış
IMG

Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Çinin Tianshui Normal Universitetinin (TNU) nümayəndə heyəti ilə görüş keçirilib.

ADPU-dan bildirilib ki, görüşdə rektor, professor Cəfər Cəfərov universitetin beynəlxalq əlaqələrinin inkişaf istiqamətləri, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları barədə məlumat verib. Rektor bildirib ki, Çinin ali təhsil müəssisələri ilə qurulan münasibətlər pedaqoji təhsil sahəsində elmi və mədəni əməkdaşlığın yeni mərhələsinə təkan verəcək.

TNU-nun rektoru Vang Juying rəhbərlik etdiyi universitetin fəaliyyəti, elmi-tədqiqat sahəsində prioritet istiqamətləri barədə məlumat verib. O, ADPU ilə tərəfdaşlığın elmi-tədris və mədəni əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşün yekununda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Tianshui Normal Universiteti arasında akademik əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandum birgə elmi fəaliyyətin təşkili, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının həyata keçirilməsi, eləcə də akademik proqramların birgə hazırlanması kimi istiqamətləri əhatə edir.

Nümayəndə heyəti ADPU-nun tədris binasının infrastrukturu, Türkoloji Mərkəz, TÜRKSOY kafedrası, Filologiya fakültəsi və tələbə auditoriyaları ilə tanış olub. Qonaqlara universitetin tədris mühiti, beynəlxalq proqramları və tələbələr üçün yaradılan imkanlar barədə ətraflı məlumat verilib.

Xəbər lenti