Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunmuş “Xarıbülbülün təntənəsi” adlı bədii qiraət müsabiqəsi keçirilib.
Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində reallaşan müsabiqədə ölkənin aparıcı teatrlarının, həmçinin Naxçıvan, Qarabağ və region teatrlarının nümayəndələri çıxış edərək Zəfər tariximizi əks etdirən bədii nümunələri dinləyicilərə təqdim etdilər. Bu müsabiqə həm peşəkar aktyorların, həm də gənc ifaçıların yaradıcılıq potensialını ortaya qoydu.
Bunu açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova deyib.
Onun sözlərinə görə, təqdim olunan qiraət nümunələri yüksək professionallıq, duyğusal enerji və Vətən sevgisi ilə seçilirdi. Şanlı Zəfər mövzusu iştirakçıların ifasında yalnız söz kimi deyil, həm də içdən gələn bir hiss kimi səsləndi. Bu da müsabiqəyə xüsusi bir ruh, mənəvi dəyər qatıb.
"Münsiflər heyətinin yekun qərarına əsasən müxtəlif teatrların aktyor və aktrisaları, həmçinin mədəniyyət müəssisələrinin nümayəndələri diplom və pul mükafatı ilə təltif olundular. Qaliblər arasında paytaxt və bölgə teatrlarının parlaq simaları, həmçinin gənc istedadlar yer aldı. Mükafatlandırma mərasimində Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov dəyərli fikirləri ilə müsabiqənin əhəmiyyətini bir daha vurğulayıb",- deyə o əlavə edib.