“Kəşfiyyat bölüyü olaraq sentyabrın 19-da günorta saatlarında Xocalı rayonundan döyüşə başladıq. Qarşımıza qoyulan tapşırıqlar qəti idi. Postları alıb qısa müddətdə döyüş tapşırıqlarını yerinə yetirir və irəliləyirdik. Xankəndinə ilk daxil olan taborlardan biri də biz olduq. Sonra Xankəndini terror qruplaşmalarından tamamilə təmizlədik”.
Bunu Qarabağ Universitetinin hazırda II kurs tələbəsi olan İlqar İsgəndərli deyir. Zəfər günü ərəfəsində qəhrəmanlıq tarixinin yaranmasında rolu olanların xatirələri yenidən canlanır. İlqar da antiterror əməliyyatlarının iştirakçılarından biridir. O, antiterror əməliyyatları başlayanda müddətdən artıq hərbi xidmət keçirdi.

Hərbə marağı uşaqlıqdan yaranıb
İlqar Beyləqan rayonundandır. Rayonun Milabad qəsəbə Şəhid Vilayət Cəfərov adına tam orta məktəbindən məzun olub. Dərhal da hərbi xidmətə yollanıb.
Onu hərbi forma geyinməyə tələsdirən səbəbə gəlincə, dediyinə görə, uşaqlıqdan hərb sənətinə çox böyük marağı olub: “Bilirsiniz ki, Beyləqanda hərbi hissələr var və hər addımbaşı hərbçilərlə qarşılaşırsan. Beyləqanlıların çoxu hərbi sahədə çalışır. Bu səbəbdən uşaqlıqdan hərbi geyimlərə maraq göstərir, əynimə böyük ölçülü hərbi formalar geyinirdim. Televiziyalarda hərb sənəti ilə bağlı çoxlu sənədli filmlər, döyüş səhnələri çox olan bədii filmlər izləyirdim”.
Həqiqi hərbi xidməti Naxçıvanda keçib. Onun hərbi xidmət dövrü II Qarabağ müharibəsi ilə üst-üstə düşdüyündən 18 ay yox, 21 ay xidmət edib, ancaq döyüşlərə qatılmayıb: “O günlərdə biz də kənar müşahidəçi idik. Müharibədə iştirak edən qüvvələrin uğurlarını izləyib ruhlanır, şəhid xəbərlərindən üzülürdük. Hər birimiz döyüşlərdə iştirak etməyi arzulayırdıq, amma bizə ehtiyac qalmadan müharibə bitdi”.
Döyüşlərdə iştirak zərurəti yaranmadığından o, müharibə iştirakçısı ola bilməyib: “Hərbi xidmətimi başa vurub qayıtsam da, düşünürdüm ki, ölkəmizin ərazi bütövlüyü təmin edilməyib. Bu da mənim aləmimdə əməliyyatların davam edəcəyi anlamına gəlirdi. Qarabağın azad olunmasında, ərazi bütövlüyünün təmin olunmasında payım olsun istyirdim. Həyatda qalıb-qalmamağımdan asılı olmayaraq, prosesin bir parçasına çevrilməyi arzulayırdım”.

Terrorla mübarizə başlayanda o da arzuladığı şansı qazandı
Ona görə də yenidən hərbi xidmətə qayıtmağa qərar verib: “Çox keçmədən geri qayıtmağa qərar verdim. Vətən müharibəsindən sonra komandir birləşmələri yaradılırdı. Həmin birləşmələrdə xidmət etmək istəyirdim. Müraciətimə müsbət cavab aldım və Şəmkir rayon Seyfəlli atış poliqonunda 75 gün ərzində kurs keçdim. Kursu uğurla bitirib sertifikat aldım. Üçüncü ən yaxşılardan biri mən idim. Xocavənd rayonun Hadrut qəsəbəsində xidmətə başladım”.
Bu xidməti dövründə uşaqlıqda sevərək aldığı silahların gerçək olanlarından istifadə edib. Kəşfiyyatçı olaraq onun da başlayan antiterror əməliyyatlarında öz rolu olub: “Antiterror əməliyyatında başından sonuna qədər iştirak etdim, Xankəndində, Xocalıda qeyri-qanuni silahlı birləşmələrin ərazidən təmizlənməsində öz üzərimə düşən tapşırıqları yerinə yetirdim. Lokal xarakterli antiterror əməliyyatları başa çatandan 3 ay sonra xidmətimi başa vurub ordudan tərxis olundum”.

Döyüş meydançalarını universitet auditoriyasına dəyişdi
İlqar kəşfiyyatçı kimi xidmətini başa vuraraq mülki həyata qayıdıb. Qarabağda silahla görüləcək işi qalmayıb. O da uşaqlıqdan arzusunda olduğu hərbi formanı əynindən çıxartmaqdan başqa çarə görməyib. Çünki artıq Qarabağ döyüş məkanı deyil, inkişaf, quruculuq işlərinin məkanı olmuşdu. Bunu hələ hərbi xidmətdə ikən görən qəhrəmanım silahını yerə qoyub əlinə qələm, sirkul, xətkeş karandaş alıb layihələr cızmağın vaxtı çatdığına inanıb. Amma bu inancı doğuran səbəb də Qarabağ Universitetinin açılması ilə bağlı xəbər olub: “Ailəm universitetdə oxumağımı çox istəyirdi. Nənəm müəllim olub, anam müəllimdir. Gözümü açandan oxumağım üçün hər şey ediblər. Təhsilimi ali məktəbdə davam etdirmək istəməməyim ürəklərincə deyildi. Hərbi xidmətdə olarkən Prezident İlham Əliyevin Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncamını eşidəndə həvəsləndim. Bununla ailəmin arzusunu da yerinə yetirmək imkanı qazanacaqdım və bu, mənə böyük stimul oldu”.

3 aylıq hazırlıqdan sonra tələbə oldu
Bu stimulla hərbi xidmətdən tərxis olunaraq ali məktəblərə qəbul imtahanlarına hazırlaşmağa başlayıb: “3 aylıq gərgin hazırlıqdan sonra Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarına qatılaraq 390-dan çox bal topladım. Qarabağ Universitetinin Mühəndislik fakültəsinin “İnşaat mühəndisliyi” ixtisasına qəbul olundum”.
Hələ II kursda oxumağına baxmayaraq, artıq nəinki təcrübəsi, hətta bir işi də var. Axı Qarabağ böyük bir tikinti meydançasıdır! Deyir ki, bu ixtisası seçməyində, sadəcə Qarabağda gedən böyük tikinti prosesi səbəb olmayıb, həm də özünün bu işə həvəsi rol oynayıb: “Qarabağ Universitetinin yeni tələbə yataqxanasının qurulması yay fəslinə təsadüf etdiyindən orada mühəndis kimi işləmişəm. Hazırda Xocavənd rayonunda mühəndis kimi fəaliyyətimi davam etdirirəm. Günün yarısını universitetdə mühəndislik üzrə nəzəri biliklər alır, digər yarısında sahələrə enib oxuduqlarımı təcrübədə tətbiq edirəm. Özümü mühəndis kimi göstərə bilir, işimlə fərqlənirəm. Bu səbəbdən iş prosesində üstünlüyümü hiss edirəm”.
Qarabağda layihələri reallığa çevirir
İlqar Qarabağın yenidən dirçəlməsində iştirakından çox məmnundur. Gələcəyini mühəndislikdə görür. Dediyinə görə, arzusuna çatıb: “Mənim üçün əvəzolunmaz bir hissdir ki, Qarabağın həm terrordan təmizlənməsində, həm də yenidən bərpa olunmasında iştirak şansım oldu”.
