Logo

AMEA rəhbəri: Azərbaycanda son illərdə elmə gələn gənclik istedadlı və intellektual qüvvələrdir

03.11.2025 22:09 93 baxış
IMG

Yeni tarixi dövrdə Milli Elmlər Akademiyasında azərbaycançılıq idealları, Qərbi Azərbaycan və Qarabağ, Böyük Qayıdış hərəkatı, ədəbi-tarixi şəxsiyyətlərin yenidən tədqiq edilib dəyərləndirilməsi istiqamətində atılmış addımlar Azərbaycan elminin müstəqil dövlətçilik ideallarına xidmətinin göstəriciləridir.

AMEA-dan bildirilib ki, bu fikri AMEA prezidenti akademik İsa Həbibbəyli noyabrın 3-də Akademiyanın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının miqyası və missiyası” mövzusunda məruzəsində söyləyib. O qeyd edib ki, AMEA-nın ayrı-ayrı tədqiqat institutlarında yaradılmış Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbələri, Xəzərin arxeologiyası, Məhkəmə arxeologiyası, Qarabağ müharibəsi və Böyük Qayıdış hərəkatı, Toponimika şöbələri artıq ilk tədqiqat layihələrini, ilk monoqrafiyaları və dissertasiyaları cəmiyyətə təqdim ediblər. Hazırda Milli Elmlər Akademiyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə işğaldan azad edilmiş əzəli torpaqlarımızda aparılan tədqiqatlarımızda aparılan tədqiqatlarla yeni tarixi dövrün Qarabağnaməsini yaradır.

Artıq sözlüyü tərtib və təsdiq olunmuş 2 cildlik “Heydər Əliyev ensiklopediyası” və 2 cildlik “Qərbi Azərbaycan ensiklopediyası” da mühüm layihələrdir. Görkəmli dövlət xadimi Heydər Əliyevə həsr edilmiş tədqiqat əsərləri serialından yaxşı bir kitabxana bölməsi yaratmaq olar.

“Azərbaycan Milli Elmlər Akademiyası 80 illik tarixi ərzində ilk dəfə olaraq son 2-3 il ərzində beynəlxalq elmi təşkilatların üzvü seçilib. Bu gün Akademiyamız Beynəlxalq Türk Akademiyaları Birliyi (Astana), Beynəlxalq Elmi Şura (Paris), Akademiyalararası Beynəlxalq Tərəfdaşlıq Akademiyası (İtaliya, Triyest), Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası (Cənubi Koreya, Seul), Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası – MAAN (Minsk), Avrasiya Universitetlər Birliyi və Qafqaz Universitetlər Birliyinin (İstanbul) tamhüquqlu üzvü kimi beynəlxalq səviyyədə qərarların qəbul edilməsinə səs verir.

Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının dünyanın 4 qitəsini əhatə edən 40-a yaxın ölkələrin Elmlər Akademiyaları ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələri var. Əməkdaşlıq etdiyimiz tərəfdar Akademiyalar arasında dünyanın üç qitəsinin – Avropa, Amerika və Asiyanın tanınmış Akademiyaları var”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

AMEA rəhbəri diqqətə çatdırıb ki, Azərbaycanda son illərdə elmə gələn gənclik istedadlı və intellektual qüvvələrdir.

“Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev – İlham Əliyev epoxasının ölkəmiz üçün müəyyən etdiyi prioritetlər və hədəflər uğrunda dönmədən irəliyə doğru addımlamaq Milli Elmlər Akademiyasının qayəsini və ana məqsədini təşkil edir.

Bir sözlə, Milli Elmlər Akademiyası keçmiş sovet modelindən qalmış bütün stereotipləri qıraraq, öz işini Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına və milli prioritetlərə uyğun surətdə yenidən qurmaq və ümumbəşəri elmi çağırışlara cavab vermək üçün yeniləşmə və islahatlar yolu ilə fəaliyyətini davam etdirir”, - deyə akademik bildirib. AMEA rəhbəri qeyd edib ki, Akademiyanın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi müstəqil Azərbaycanın inamla addımladığı magistral yollarda elmin dəstəyinin təmin edilməsinə imkan yaratmağa hesablanıb. Azərbaycan Milli Elmlər Akademiyası müstəqil dövlətçilik və ümummilli ideallar və bəşəri ideyaların ölkə elminin ideallarına çevrilməsi yollarında inamla addımlamaqdadır.

“Sevindirici haldır ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi “Konstitusiya və Suverenlik İli”ndə, həmçinin Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin 5-ci ildönümündə dövlət səviyyəsində qeyd olunur. Məhz Prezident İlham Əliyevin ötən illər ərzində ölkəmizin iqtisadiyyatının gücləndirilməsi, müasir standartlara cavab verən modern ordu quruculuğu siyasəti və azərbaycançılıq ideologiyası işığında yetişdirilən gənc nəslin, eləcə də xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi sıx birləşməsi nəticəsində 30 illik işğala son qoyulub, Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü bərpa edilib”, - deyə AMEA rəhbəri qeyd edib.

Xəbər lenti