Logo

Yubilyar alimin elmi və bədii yaradıcılığında Dərələyəz

03.11.2025 13:42 144 baxış
IMG

Mahirə Nağı qızı Hüseynova – 65 

Filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Azərbaycan dilçiliyinin inkişafında xüsusi yeri olan dilçi-türkoloqlardandır. Belə ki, dilçiliyimizin, eyni zamanda türkologiyanın elə bir sahəsi yoxdur ki, professor M.Hüseynova öz tədqiqatları ilə münasibət bildirməsin. İstər fonetika, istər leksikologiya, istər morfologiya, istər sintaksis, istərsə də Azərbaycan dilinin punktasiyası ilə bağlı apardığı tədqiqatları elmi ictimaiyyətin həmişə diqqətini cəlb edir. Bununla belə hətta dilçiliyimizin bir neçə istiqamətində  apardığı yeni araşdırmaları ilə öz məktəbini yaratmışdır.

Professor Mahirə Hüseynovanın elmi yaradıcılığında Dərələyəz  mövzusu ayrıca bir yer tutur. Daha dəqiq desək, Dərələyəz  mövzusu onun elmi yaradıcılığının ana xəttini təşkil edir. Bu da təbiidir. Mahirə Hüseynovanın babası, Dərələyəz mahalının el ağsaqqalı İbrahim Mirzəlioğlu, anası, əslən Keşişkənd rayonunun Qovuşuq kəndindən olan, el-obanın sayılıb seçilən, el anası Nazlı xanım, dayısı, Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşişkənd rayonunun Qovuşuq kəndindən olan “Şöhrət” ordenli, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, dilçi-türkoloq Həsən Mirzəyevdir. M.Hüseynovada Dərələyəz mahalına olan sevgisi Nizamini, Füzulini əzbərdən bilən İbrahim Mirzəlioğlundan, anası Nazlı xanımın laylalarından, dayısı Həsən Mirzəyevin Qərbi Azərbaycanla, xüsusi olaraq Dərələyəz mahalı ilə bağlı tədqiqatlarından, eləcə də doğma yurda olan sevgi və həsrətindən formalaşmışdır. Elə “Keçəydim” şeirində doğma yurda bağlılığını, doğma yurd həsrətinin göynərtisini poetik dillə təsvir edir, poeziyada əbədiləşdirir, tarixləşdirir professor Mahirə Hüseynova:

Şərur, səndən diləyimdir bu dəfə,
Başqa ruhda, başqa yöndə keçəydim.
Arpa körpü, sular dursun səf-səfə,
Əhd edəydim, Arpakəndə keçəydim.

Axurludan o tərəfə yol açıq,
Dillənəcək yol sənindir, yola çıx.
Alxanpəyə üstündə bir alaçıq,
Qurub, qalıb gün enəndə keçəydim.

Ağvəng, sənin müştağınam, nə vaxtdı,
Yatmadım ki, qərib ruhum oyaqdı.
Ağdərənin quru adı dayaqdı,
Ürəyimdə söz dinəndə keçəydim.

Dayanıbsan Selimçayın yanında,
Bəy duruşun hopub qalıb canında,
Zaman dinib, oynayacaq qanında,
Ağkənd, Selim gədiyindən keçəydim.

Ağçakəndin yaraları danışsın,
Gördükləri zarı-zarı danışsın.
Viran qalmış daş-divarı danışsın,
Tutub atın yüyənindən keçəydim.

Daşarxacı, suyun niyə lillənib,
Kəlləqaya səngərində göllənib.
Qarışaydım söhbətinə dillənib,
Axta, dadıb çörəyindən keçəydim.

Qaraşuma toxunaydı ayağım,
Dəmirtəpə bircə hovur yaylağım,
Salsal üstü, bulaq başı oylağım,
 “Oxay”- deyib, Qoşavəngdən keçəydim.

Dağ bir ayrı, göy bir ayrı, yer ayrı,
Arpaçayın suyu burda bir ayrı.
Kətanköynək cəvizlərin diyarı,
Qovuşuğun həndərindən keçəydim.

Pirbuladan o tərəfə beş addım,
Beşikqaya, canına can qataydım.
Amağuya qədər gedib çataydım,
Çanaxçıdan, Göyərçindən keçəydim.

Sağ tərəfdə Lüləpərin ocağı,
Beş addımda Qarabəyli bulağı,
Qabaxlıya yetmək üçün, uzağı,
Kəsə gedib Ələyəzdən keçəydim.

Əkin-biçin halal evin dirəyi,
Kotanlıda kəsəm buğda çörəyi.
Dağlar görsün yağıların ürəyi,
Boynübükük dağ Ərgəzdən keçəydim.

Sofuyolu, izim səndə qalaydı,
Od tutaydım, közüm səndə qalaydı.
Oxuyaydım, sözüm səndə qalaydı,
Təpər gələ, Kömürlüdən keçəydim.

Bir enəydim Qızölənin başından,
Yol tutaydım Cəvizlinin tuşundan.
Dastan yazıb torpağından, daşından,
Ayısısi, Göyqəcəldən keçəydim.

Dəyirmanda axar suyu sovulan,
Adamları perik düşən qovulan,
Haldan düşən, ağzı-burnu ovulan,
Dərdi batman lal Ərgəzdən keçəydim.

Adlayaydım aşırımı, gədiyi,
“Şah Abbas”da bir asaydım hədiyi.
Həsən Mirzə dönə-dönə dediyi,
Bal qoxuyan Əyricədən keçəydim.

Dərələyəz, ana yurdum, mahalım,
Nə ki dərdi-sərin varsa, mən alım.
Olmaz ondan sonra möhnət, məlalım,
Bu yol ilə Göyçəgöldən keçəydim.


AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin M.Hüseynova haqqında söylədiyi  bir fikirdə böyük bir həqiqət var: “Mahirə Hüseynovanın dünyagörüşünün formalaşmasında və taleyində görkəmli alim və tanınmış ictimai xadim Həsən İbrahimoğlu  Mirzəyevin xüsusi rolu olmuşdur. Həm ailə mühitində, həm də  elmi-ədəbi mühitdə professor Həsən Mirzəyev Mahirə xanım üçün əsl ustadlıq və müəllimlik nümunəsi kimi qəbul edilmişdir. Filologiya elmləri doktoru, professor Həsən Mirzəyevin elmi-pedaqoji mühitdə və cəmiyyət həyatında sözsüz nüfuzu, haqq sözünü axıradək müdafiə etməsi çoxsaylı tələbələri və  davamçıları kimi Mahirə müəllim üçün də ibrətamiz dərslərə çevrilmişdir”. Bu, bir həqiqətdir. Professor M.Hüseynova dilçi-türkoloq Həsən Mirzəyevin Dərələyəzlə bağlı tədqiqatlarını davam etdirərək zirvələrə qaldırdı desək, heç də səhv etmərik.

Dərələyəz Naxçıvan xanlığında, indi  Ermənistan adlanan Qərbi Azərbaycanda ta qədimdən   yalnız azərbaycanlıların yaşadığı  mahallardan biri kimi mənbələrdə aydın şəkildə əksini tapır.  Mahal indiki Keşişkənd (Yeğeqnadzor) və Paşalı (Vayk) rayonlarını əhatə edirdi. 1920-ci ilə qədər Dərələyəz mahalı Azərbaycanın tərkibində olmuşdur. Zəngəzur, Göyçə mahalları ilə birlikdə Dərələyəz mahalı da Azərbaycandan alınıb 1920-ci il noyabrın 29-da  Sovet Rusiyasının əli ilə yaradılan Ermənistan SSR-nin tərkibinə verilib. Dərələyəz mahalı indiki Ermənistanın Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Vedi (Ararat),  Qarakilsə (Sisyan), Azərbaycanın Sədərək, Şərur, Babək, Şahbuz, Kəlbəcər rayonlarının əhatəsində yerləşir. Dərələyəz toponimi Azərbaycan dilində “iki dağ və ya təpə arasında, çuxur” mənasında işlənən dərə sözü ilə alagöz türk etnonimi əsasında yaranmışdır.

Professor M.Hüseynovanın Dərələyəzlə bağlı ilk tədqiqatları  “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” dissertasiyasında əksini tapır. Yeri gəlmişkən, onu da qeyd edək ki, H.Mirzəyev ilk dəfə olaraq Dərələyəz mahalının toponimlərini və şivələrini tədqiqata cəlb etmişdir. M.Hüseynovanın  məhz  fəlsəfə doktorluğu dissertasiyasında  H.Mirzəyevin Dərələyəz mahalının toponimlərinə, eləcə də Dərələyəz  şivələrinə dair  araşdırmalarına filoloji münasibəti onun tədqiqatlarında Dərələyəz mövzusuna əbədi bağlılığının stimulu oldu. Bundan sonra Dərələyəzə dair tədqiqatlarının miqyasını genişləndirdi. Belə ki “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda tədqiqatlarını ümumiləşdirərək 2017-ci ildə uğurla doktorluq dissertasiyası müdafiə etmişdir. Məhz ilk dəfə olaraq professor M.Hüseynova Qərbi Azərbaycanın Dərələyəz mahalı aşıq və el şairlərinin əsərlərinin dil və üslub xüsusiyyətlərini  küll halında elmi aspektdə araşdırmış, mahalın aşıq və el şairlərinin əsərləri əsasında Dərələyəzin  folklor mühiti  ilə elmi ictimaiyyəti, eyni zamanda oxucuları tanış etmişdir. Dissertasiyada XIX-XX əsrlərdə yaşamış Dərələyəz mahalının aşıq və el şairlərinin əsərlərinin kontekstində Qərbi Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr elmi aspektdə geniş şəkildə araşdırılmışdır. Bu tədqiqatda poetik onomastika sahəsində araşdırmalara yeni elmi baxış sərgilənmiş və poetik onomastika ilə bağlı aparılan araşdırmaların yeni istiqamətləri müəyyənləşdirilmişdir.  

Professor M.Hüseynovanın “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə) (2015), “Aşıq və el şairlərinin leksikası (monoqrafiya)” (2016),  “Aşıq və el şairlərinin üslubi frazeologiyası (monoqrafiya)” (2017), “Aşıq və el şairlərinin üslubi sintaksisi (monoqrafiya) (2017), “Aşıq və el şairlərinin üslubi morfologiyası (monoqrafiya)” (2017), “Aşıq və el şairlərinin poetikası” ( 2017),  “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə”) (2018), “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistik təhlili”  (2018)  əsərləri bilavasitə qədim Azərbaycan yurdu Dərələyəz mahalı ilə  bağlıdır.
Alim Qərbi Azərbaycan toponimlərinin  araşdırılmasına  daim xüsusi önəm verir və özü də bununla bağlı sistemli tədqiqatlar aparır. Elə 2023-cü ildə çap olunmuş “Qərbi Azərbaycan  paleotoponimlərinin linqvistik etimoloji təhlili”  monoqrafiyası elmi tutumu ilə diqqəti cəlb edir və maraq doğurur. Monoqrafiyada Qərbi Azərbaycanda türk mənşəli  paleotoponimlərin tarixi köklərini, fonetik, leksik, morfoloji  tərkibini  və semantik resurslarını tarixi qaynaqlar əsasında  elmi müstəvidə tədqiqata cəlb etmişdir. Kitabda həmçinin Dərələyəz mahalının etnotoponimlərinə də ayrıca yer verilmişdir. Bu baxımdan  Dərələyəz mahalının türk mənşəli  Ağdərə, Gökman, Çul, Ardaraz, Keşişkənd və s. paleotoponimlərinin  linqvistik aspektdə etimoloji təhlili tamamilə yenidir və elmi həqiqəti özündə əks etdirir.  
 
Professor M.Hüseynova  ilk dəfə olaraq XX əsrdə Qərbi Azərbaycanın  qədim mahallarından biri olan Dərələyəz mahalında Azərbaycan kəndlərinin, ərazinin köklü sakinlərinin-azərbaycanlıların  erməni vandalizminin qurbanı olduğunu tarixi faktlar əsasında araşdırmışdır. O, bu araşdırmalarını “XX əsrdə Dərələyəzdə  urbisid və etnosid  aktları” (Bakı, 2024) monoqrafiyasında ümumiləşdirmiş, Dərələyəz mahalında xarabalığa  çevrilmiş  kənd adlarının tarixi-etimoloji təhlilini izah etmiş  və elmi dəyəri ilə diqqəti cəlb edən belə bir tədqiqat əsərini oxucuların ixtiyarına vermişdir. Monoqrafiyada  Dərələyəz mahalının tarixən azərbaycanlıların yaşadığı Kənzək, Gomur, Göyərçin, Güneyvəng, Heşin, Horbadığ, Ağkilsə, Axtacul, Canı, Amağu, Qabaxlı, Kotanlı, Köçbək, Quşçu, Arpa, Bələk, Çivə və s. qədim toponimlərin tarixini, Ermənistan dövlətinin urbisid və etnosid siyasətindən, azərbaycanlıların Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olduğu geniş və tarixi faktlarla araşdırılmışdır. Ümumiyyətlə, professor M.Hüseynova monoqrafiyada Dərələyəz mahalının 100-dən çox türk mənşəli toponimini tarixi-etimoloji aspektdə  təhlil etmiş, xüsusi elmi dəyəri olan nəticələri ilə  Qərbi Azərbaycan toponimlərinin yeni istiqamətdə araşdırılmasının əsaslarını müəyyən etmişdir.

Professor Mahirə Hüseynova Qərbi Azərbaycana, o cümlədən doğma yurda - Dərələyəzə qayıtmaq arzusu ilə yazıb yaradır. Onda olan bu inam gündən-günə artır. Filologiya elmləri doktoru, professor Mahirə Hüseynovaya yeni-yeni  elmi və bədii yaradıcılıq uğurları arzulayırıq.

Biz də böyük əminliklə inanırıq ki, Ermənistan dövləti tərəfindən min bir işgəncələrlə Qərbi Azərbaycandan-tarixi-etnik torpaqlarından deportasiya edilmiş 300 min azərbaycanlı ləyaqətlə öz doğma yurdlarına qayıdacaq.

İbrahim BAYRAMOV,
ADPU-nun professoru, filologiya elmləri doktoru 

Xəbər lenti