Elm, əslində, bir universitetin nəfəsi, akademik varlığının təməl sütunudur. Universitetin elmi jurnalı isə həmin nəfəsin intellektual səsi olmalıdır. Təəssüf ki, Sumqayıt Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalı bu səsi nə eşitdirə bilir, nə də daşıdığı adın məsuliyyətini daşıyır.
İlk növbədə texniki bir reallıqdan başlayaq: jurnalın rəsmi internet saytı (https://www.ssu-scientificnews.edu.az/az) açılmır. Görünür, hostinq müddəti bitib. Bu, təkcə texniki problem deyil – elmi ünsiyyət və ictimai təqdimatın tam dayanması deməkdir. Bir elmi jurnalın rəsmi saytının fəaliyyətsiz qalması, əslində, akademik boşluğun, məsuliyyətsizliyin və peşəkar nəzarətin olmamasının bariz nümunəsidir.
Universitetin saytında “Elm” bölməsinə baxdıqda, orada elmi dinamikanın, tədqiqatların və müzakirələrin izini tapmaq çətindir. “Elm” bölməsi daha çox statik arxiv görünüşü verir. Halbuki burada kitablar, analitik icmallar, sosial tədqiqatlar, patentlər, kəşflər və yeni elmi təşəbbüslər olmalı idi. Nəticədə qarşımıza çıxan mənzərə “üstü bəzək, altı təzək” ifadəsini xatırladır: köhnə sovet metodologiyasına əsaslanan, dizayn və struktur baxımından köhnəlmiş bir məcmuə.
Jurnalın dizaynı və redaktə prinsipləri, ən yaxşı halda, 1980-ci illərin estetik zövqünü təkrarlayır. Cild üzlüyü rənglərin xaosu içindədir – nə akademik ideya var, nə estetik məntiq. DOİ identifikatorları formal şəkildə verilib, amma işlək deyil. “elibrary.ru” kimi artıq köhnəlmiş, bir çox hallarda fəaliyyətini dayandırmış resurslara “elmi müasirlik” adı ilə istinad edilir. Üstəlik, jurnalda başlıqlar üç dildə verilib – guya beynəlxalq elmi mühitə xitab etmək məqsədilə. Amma bu trilingvistik ambisiya məzmun baxımından tam mənasızdır: elmi ünsiyyətin dili forma ilə deyil, keyfiyyətlə ölçülür.
“Elmi Xəbərlər” iki seriyada çıxır: “Təbiət və texniki elmlər” və “Sosial və humanitar elmlər”. Teorik baxımdan bu, strukturlaşdırılmış sistem kimi görünür. Lakin praktikada bu seriyalar ayrı ISSN almadığından və nəşr lisenziyaları fərqləndirilmədiyindən, bu vəziyyət elmi klassifikasiyanın pozulması ilə nəticələnir. Əslində, bu cür “multidissiplinarlıq” elmi genişlikdən deyil, məqalə çatışmazlığından qaynaqlanır.
Redaksiya heyəti azsaylı məqalə ilə cildləri doldurmaq üçün bütün elm sahələrindən yazı qəbul edir. Nəticədə, nə bir elm sahəsi dərinlik qazanır, nə də jurnal müəyyən akademik istiqamət formalaşdıra bilir.
Hər bir beynəlxalq elmi jurnalın əsas dayağı şəffaf nəşr siyasəti və peer-review (rəyçilik) sistemidir. Bu mexanizm həm elmi keyfiyyətin, həm də etik etibarlılığın təminatıdır. Amma “Elmi Xəbərlər” jurnalı bu prinsipləri açıq şəkildə nə təqdim edir, nə də izah edir. Sayt uzun müddətdir aktiv olmadığından, rəyçi sistemi və etik qaydalar barədə heç bir məlumat yoxdur. Bu vəziyyətdə jurnalın hər hansı beynəlxalq indeks tərəfindən qəbul edilməsi qeyri-mümkündür.
Ən yaxşı halda, “Index Copernicus” kimi əl ilə məlumat daxil edilən qeyri-nüfuzlu sistemlərdə görünmək mümkündür – bu isə elmi etibarlılıq deyil, sadəcə statistik varlıq deməkdir.
Redaksiya heyəti bir-birinə tam yad sahələrdən olan alimlərin xaotik siyahısına bənzəyir. Burada yer alan bəzi tanınmış alimlərin – məsələn, Yu Seongcho kimi Scopus-da 8000-dən çox istinadı olan tədqiqatçıların – adlarının belə bir lokal jurnalda çəkilməsi sual doğurur.
Bizim elmi redaksiyalarda başa düşmürlər ki, yüksək reytinqli alimlər öz adlarının adi lokal və elmilikdən kənar jurnallarda çəkilməsini istəmirlər. Dünyada artıq DOAJ (Directory of Open Access Journals) kimi beynəlxalq nəzarət qurumları fəaliyyət göstərir. Bu qurumlar şübhəli jurnallarda yer alan alimləri müəyyənləşdirir və onlara “questionable participation” (şübhəli iştirak) statusu verir. Bu, həmin alimlərin elmi nüfuzuna zərbə vurur və h-indeks göstəricilərinə birbaşa mənfi təsir göstərir.
Əgər belə alimlər “honorable member” kimi sadəcə şərəf üzvüdürsə, bu status ayrıca qeyd edilməli, adlar əsas siyahıdan çıxarılmalıdır. Dostluq və tanışlıq xətrinə yüksək reytinqli alimlərin adını bu cür jurnallarda göstərmək – alim üçün ləkə, jurnal üçün isə biabırçılıqdır.
Jurnalda məqalələr müxtəlif dillərdə dərc edilir, lakin heç biri beynəlxalq elmi standartlara cavab vermir. Ən sadə məqalə strukturu belə – Title, Author details, Abstract, Keywords, Introduction, Methodology, Discussion, Findings, Conclusion, References – sistematik şəkildə pozulur.
Məqalələrdə bəzən 4–5 istinad olur, halbuki beynəlxalq praktikada bu say ən azı 30–60 arasında dəyişir. Elmi məqalə bir ideyanın məhsulu deyil, 100-150 mənbənin təhlilindən doğan nəticədir.
Elmi tədqiqatın əsas dayağı ədəbiyyatın dərin təhlili və son üç ilin beynəlxalq mənbələrinə istinad olmalıdır. Əks halda, bu, sadəcə formalı, amma məzmunsuz “məqalə oyunu”dur.
Xahiş edirəm siz deyəsiniz olduqca aktual bir məqalənin ədəbiyyat siyahısına baxın. Bu şərti işarə yığınağından kimsə nəsə başa düşürmü? Elə “böyüklükdə” akademiklərin , professorların adları gedən jurnalda belə məqalə, belə ədəbiyyat siyahısı vermək olarmı?
APA, Chicago, Rusiya VAK sistemi – hamısı bir ədəbiyyat siyahısında qarışıb. Nə bibliografik ardıcıllıq, nə də standartlaşdırma var. Elə bil bir məqaləni redaktə edən şəxs elmi redaktor yox, texniki işçidir. Yaxud bu cürə ədəbiyyat siyahısını hansı indeks qurumu indeksləyə bilər və alimin scholar sisteminə təsir edə bilər. Bu elmə xeyir yox, ziyan vuraqdan başqa bir şey deyil. İbtidai sinif şagirdi belə bundan səliqəli yazır.
Hətta məqalələrin texniki səhvləri belə akademik məsuliyyətin yoxluğunu göstərir: Jurnalın adı, seriya və nömrə bir-birinə qarışıb; DOI kodları işlək deyil; ORCID yazılışında səhv var; “Ass.prof.” kimi akademik titul anlayışı yoxdur; Rəy prosesi formal xarakter daşıyır – bir ay içində məqalə “rəyləndirilir” və qəbul olunur; Cəmi 4 istinadla elmi məqalə nəşr edilir – bu, elmi məsuliyyətsizliyin zirvəsidir. UOT kodlarından birmənalı şəkildə əl çəkmək lazımdır. Çünki bu kodlar tarixin qatlarında batıb qalıb və nə müasirliyi nə də reallığı əks etdirir.
Mən ingilis dili mütəxəssisi deyiləm, amma fikrimcə məqalənin adı elmilikdən və elsevier stilindən uzaq olmaqla yanaşı həm də yalnışdır. Adi google tərcüməsinə oxşayır.
“Sumqayıt Dövlət Universitetinin Elmi Xəbərlər” jurnalı adında “elm” kəlməsini daşısa da, mahiyyətcə elmdən uzaq, struktur baxımından köhnəlmiş, akademik baxımdan məsuliyyətsiz bir nəşr təsiri yaradır.
Belə jurnallar elmin inkişafına deyil, onun deqradasiyasına xidmət edir. Elm, forma və rütbə üçün deyil, düşüncə, məsuliyyət və şəffaflıq üçün olmalıdır.
Jurnalın redaksiya heyətində bilirsinizmi kimlərin adları var? Ölkənin sayılıb seçilən alimləri. Mən o alimlərin adlarını çəkməyə utanıram. Bu alimlərin xəbərləri varmı ki bu jurnal elm adına ancaq xaltura eləməklə məşğuldur.
Əks halda, bu cür jurnalların nə universitetə, nə ölkəyə, nə də elmi ictimaiyyətə faydası qalacaq. Əksinə, etibar və nüfuz itkisinin simvoluna çevriləcək.
İndeks Copernicus kimi manual informasiya daxi etmə funksiyasına sahib indekslər isttisna olmaqla.
Ən anlaşılmaz məsələ odur ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası bu tip jurnalları necə elmi nəşr kimi tanıyır və müəlliflərə tövsiyə edir? Saytı işləmir, ingilis dilində təqdimat yoxdur, beynəlxalq standartlar tətbiq edilmir, rəy mexanizmi formal xarakter daşıyır. Belə jurnalların AAK tərəfindən dəstəklənməsi elmi sistemdə ziddiyyət və selektiv yanaşma yaradır.
Aydın görünür ki, ölkədə çoxsaylı elmi jurnal redaksiyaları elmi nəşr standartlarını və redaksiya prosesini bilmir. Onlar beynəlxalq praktikadan xəbərsizdirlər. Nəticədə jurnal strukturları, etik prinsiplər və redaktə mədəniyyəti pozulur. Bu vəziyyət elmi reputasiyaya, həmçinin gənc tədqiqatçıların akademik inkişafına zərbə vurur.
Mövcud vəziyyətdən çıxış yolu aydındır:
Çünki “tısbağa kimi öz qinini bəyənib həmin qında qalmaq” elmin inkişafına xidmət etmir. Azərbaycan elmi artıq bu qından çıxmalı, müasir beynəlxalq akademik məkanın bir hissəsinə çevrilməlidir.
“Elm” adlı jurnal elmi məsuliyyətsizlik simvoluna çevrilməməlidir. Əgər Sumqayıt Dövlət Universiteti və digər təhsil müəssisələri elmi nüfuzlarını qorumaq istəyirlərsə, formal görüntünü deyil, dərin elmi keyfiyyəti hədəf seçməlidirlər.
Elm — rütbə və cild deyil, düşüncə, etika və məsuliyyət mədəniyyətidir.
Azərbaycan elmi bu mədəniyyətə dönmədikcə, jurnalların sayı artsa belə, elmin səviyyəsi yüksəlməyəcək.
Rahil Nəcəf