 
 
								Azərbaycan Universitetində böyük şair, maarifçi və ictimai xadim Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunan “Aləmdə səsim var mənim” adlı musiqili ədəbi-bədii gecə keçirilib.
Gecədə Şirvaninin öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixində silinməz iz qoyduğu diqqətə çatdırılıb, tələbələrin ifasında zəngin bədii irsindən poetik nümunələr təqdim olunub.
Tədbiri Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov açaraq S.Ə.Şirvaninin yaradıcılığındakı janr müxtəlifliyini vurğulayıb, Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərdən söz açıb. Dekan çıxışında onun öz maarifçi ideyalarını həyata keçirmək üçün ana dilində açdığı yeni üsullu məktəb ilə adını ölkənin pedaqoji fikir tarixinə yazdırdığını da qeyd edib.
Açılış nitqinin ardından tədbir musiqili bədii kompozisiya ilə davam edib. Kompozisiyada dahi şairin insanları həyatın gözəlliklərindən zövq almağa çağıran qəzəlləri, mənəvi gözəlliyi tərənnüm edən, öyüd və nəsihətləri ilə elmə yiyələnməyi, humanist ideyaları təbliğ edən, dövrün aktual məsələlərinə münasibət bildirdiyi əsərlərindən nümunələr təqdim olunub, qəzəlləri ifa edilib.
Elmi işlər üzrə prorektor Yusif Qasımov, Tərcümə və filologiya kafedrasının müdiri Gülnar Rzayeva, kafedranın müəllimi Ülviyyə Əliyeva, kafedranın müəllimi və kompozisiyanın bədii rəhbəri Solmaz Süleymanova çıxış edərək Şirvaninin çoxşaxəli irsinin qorunub saxlanmasının əhəmiyyətini diqqətə çatdırıblar.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını rəhbər tutaraq Tərcümə və filologiya kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə hazırlanıb.

 

 

 

 
