Logo

BMU ilə Pakistan universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

30.10.2025 15:15 30 baxış
IMG

Pakistanın Milli Elm və Texnologiya Universitetinin (NUST) nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

BMU-dan bildirilib ki, qonaqlarla görüşən rektor Yaqub Piriyev universitetin elmi və texnoloji imkanlarını təqdim edib. Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlıq münasibətlərini önə çəkən rektor elm və təhsil sahəsində əlaqələrin, qarşılıqlı əməkdaşlığın daha da güclənməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin iki universitet arasında akademik əlaqələrin inkişafı, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi kimi istiqamətləri vurğulayaraq, yaxın gələcəkdə geniş əməkdaşlıq üçün möhkəm hüquqi bazanın formalaşacağına inamını ifadə edib.

NUST-un tədris işləri üzrə prorektoru professor Osman Hasan və tədqiqat direktoru professor Muhammad Junaid Xan universitetin beynəlxalq əməkdaşlıq istiqamətində gördüyü işləri, o cümlədən maddi-texniki bazasını, tədqiqat imkanlarını yüksək qiymətləndiriblər. Çıxışlarda BMU ilə birgə layihələrin iki ölkə arasında elmi əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcəyi qeyd edilib.

Görüş zamanı iki universitet arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub. Tərəflər mübadilə proqramlarının, tədqiqat layihələrinin icrası, konfransların təşkili və həmmüəllifli elmi məqalələrin hazırlanması kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Birgə fəaliyyətin hər iki ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişlənməsinə, elmi potensialın artırılmasına və tələbələrin qlobal təhsil mühitinə inteqrasiyasına töhfə verəcəyi bildirilib.

Sonra NUST nümayəndə heyəti BMU-nun laboratoriyaları ilə tanış olub.

Xəbər lenti