 
 
								Azərbaycan Dillər Universitetinin (ADU) nümayəndə heyəti Türkiyənin Mərmərə Universitetində olub.
Bu barədə TƏHSİL.BİZ -ə ADU-dan bildirilib. Görüş zamanı Mərmərə Universiteti ilə ADU arasında elmi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub.
Mərmərə Universitetinin rektoru professor Mehmet Emin çıxışında ADU-nun rektoru akademik Kamal Abdullaya həsr olunan konfransın ölkəsində keçirilməsindən böyük qürur hissi keçirdiyini söyləyib.
Görüşdə Mərmərə Universiteti ilə ADU-nun elmi-tədqiqat, akademik mübadilə, beynəlxalq reytinqli jurnallarda birgə əməkdaşlıqla bağlı məsələlərə toxunulub. Həmçinin noyabr ayının 21-də ADU-da baş tutacaq “Süni intellekt və humanitar elmlər” mövzusunda beynəlxalq konfransda iştirakla bağlı məsələlər müzakirə olunub.
Bildirilib ki, Türk dünyası elmində xüsusi önəm kəsb edən Kamal Abdullanın elmi və bədii yaradıcılığı Türkiyədə fəaliyyət göstərən universitetlərdə geniş tədqiq olunur və böyük maraqla qarşılanır.
Tədbir ADU və Mərmərə Universitetləri arasında elmi, mədəni əlaqələrin gələcək inkişafı ilə bağlı müzakirələrlə davam edib.