Logo

“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda müzakirələr keçirilib

28.10.2025 13:29 35 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin təşkilatçılığı ilə nazirliyin və tabe qurumların nümayəndələrinin, ali təhsil müəssisələrinin rəhbərlərinin və digər səlahiyyətli şəxslərin iştirakı ilə “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda müzakirələr keçirilib.

Nazirlikdən bildirilib ki, ənənəvi olaraq keçirilən tədbirin məqsədi növbəti tədris ili üçün bakalavriat, magistratura və doktorantura səviyyələrində tələbə qəbulu planlarının hazırlanması, qəbul prosesində mövcud vəziyyətin təhlili, həmçinin bu istiqamətdə gələcək fəaliyyətin əsas prioritetlərinin müəyyənləşdirilməsi olub.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli qeyd edib ki, bu formatda müzakirələr artıq ikinci ildir həyata keçirilir və qəbul planlarının formalaşdırılmasında elmi əsaslara, analitik təhlillərə və məqsədyönlü qərarvermə prosesinə xidmət edir. Onun sözlərinə görə, qəbul planlarının hazırlanması zamanı üzə çıxan çağırışların və meyillərin dərin təhlili ali təhsil sisteminin uzunmüddətli inkişaf strategiyasının düzgün istiqamətdə qurulmasına şərait yaradır.

Nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman çıxışında tələbə qəbulu ilə bağlı aparılan analitik işlərin təhsil proqramlarının aktuallığının qiymətləndirilməsində və əmək bazarının ehtiyaclarının öyrənilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, bu istiqamətdə görülən işlər növbəti illərdə təhsilin məzmununun daha çevik və nəticəyönlü şəkildə formalaşdırılmasına xidmət edəcək.

Müzakirələr zamanı ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair geniş statistik təhlil təqdim olunub. Qeyd edilib ki, bu təhlillərin nəticələri növbəti tədris ili üçün proqnozlaşdırma və planlaşdırma prosesində əsas göstəricilərdən biri kimi nəzərə alınır. 2024-cü ildə aparılan analizlər nəticəsində aktuallığını itirmiş ixtisaslar təsnifatdan çıxarılıb, bəzi ixtisasların aid olduqları qruplar yenidən müəyyənləşdirilib, əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisaslar təsnifata əlavə edilib. Bu dəyişikliklər növbəti illər üzrə qəbul siyasətinin daha çevik və məqsədyönlü şəkildə həyata keçirilməsinə imkan yaradır.

Müzakirələrdə ali təhsil müəssisələrinin nümayəndələri də fəal iştirak edərək öz təklif və müşahidələrini bölüşüb, gələcək qəbul planlarında nəzərə alınmalı istiqamətlər barədə fikir mübadiləsi aparıblar.

Xəbər lenti