Logo

“Yaşıl şəbəkə: elmi innovasiya platforması” çərçivəsində tədbirin ikinci günü

26.10.2025 20:56 256 baxış
IMG

Qarabağ Universitetində “Yaşıl şəbəkə: Elmi İnnovasiya Platforması” layihəsi çərçivəsində təşkil edilən tədbirin ikinci günündə müxtəlif istiqamətlər üzrə təqdimatlar olub, müzakirələr aparılıb.

Tədbirdə Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, iqtisadiyyatın dirçəlişi və regionun zəngin su ehtiyatlarından səmərəli istifadə məsələləri barədə çıxış edib.

Türkiyənin Dokuz Eylül Universitetinin professoru Ülviyyə Sanılı Aydın “İqlim dəyişikliyi və beynəlxalq ticarət” mövzusunda onlayn məruzə ilə çıxış edərək müasir dövrdə regionlararası ticarət marşrutları və logistika dəhlizlərinin geosiyasi-iqtisadi əhəmiyyətindən, həmçinin iqlim dəyişmələrinin bu sahəyə təsirlərindən danışıb.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının mütəxəssisi Rüfət Həsənovun moderatorluğu ilə “Süni intellekt və yaşıl transformasiya: ekoinnovasiyaların xəritələşdirilməsi” mövzusunda müzakirələr aparılıb.

Tədbir zamanı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova layihə çərçivəsində hazırlanan “Yaşıl innovativ biliklərin xəritələşdirilməsi: problemlər və perspektivlər” adlı nəşrin təqdimatını edib. Ardınca Akademiyanın mütəxəssisi, layihənin eksperti Pərvanə Xıdırovanın “Yaşıl şəbəkə: Davamlı inkişaf üçün imkanlar” mövzusunda çıxış dinlənilib.

Sonra tələbələr üçün “Təbiəti kiçik şüşədə yaşadaq! - Terrarium ideyaları” master-klassı keçirilib. Burada iştirakçılar öz yaradıcı ideyalarını təqdimat formatında nümayiş etdiriblər.

Layihənin reallaşdırılmasına göstərilən dəstəyə görə Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzi, həmçinin tədbirə yüksək səviyyədə ev sahibliyi edən Qarabağ Universitetinin nümayəndələri “Təşəkkürnamə” ilə təltif olunublar.

Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar təqdim edilib.

Xəbər lenti