Logo

Azərbaycanın təhsil jurnalları niyə beynəlxalq elmi bazalarda yoxdur? – Ekspert açıqlayır

26.10.2025 20:38 686 baxış
IMG

ERIC və ERA kimi beynəlxalq elmsimetrik bazalarda Azərbaycanın bir dənə də təhsil jurnalı yoxdur.

Təhsil eksperti Rahil Nəcəf: “Elm bir ölkənin beynidir, amma bizim beynimiz dünyada görünmür”

Təhsil sahəsində elmi jurnalları indeksləyən dünyaşöhrətli bir qurum olan ERIC (Education Resources Information Center) ABŞ-ın “Institute of Education Sciences” (IES) tərəfindən maliyyələşdirilən onlayn bazadır və təhsil sahəsində aparılan elmi tədqiqatlar üçün biblioqrafik və bəzi hallarda tam mətnli informasiyalar təmin edir. Bu baza 1966-cı ildən başlayaraq təhsil sahəsində çapa olunmuş məqalələr, kitablar, konfrans materialları, texniki hesabatlar, siyasi sənədlər və digər təhsilə aid materialları indeksləyir. ERIC təhsil sahəsində tədqiqatçılar, müəllimlər, kitabxanaçılar üçün olduqca vacib bir resursdur. Təhsil sahəsində öz elmi məqalələrini çap edən beynəlxalq nüfuzlu alimlər müraciət edəcəkləri elmi jurnalın ERIC siyahısında olub-olmaması ilə maraqlanırlar.

ERA (Educational Research Abstracts Online) isə təhsil sahəsində beynəlxalq arenada tanınan biblioqrafik və xülasə məlumat bazasıdır. Bu baza nüfuzlu Taylor & Francis nəşriyyat qrupu tərəfindən idarə olunur və əsasən təhsil sahəsində aparılan elmi tədqiqatların xülasələrini özündə cəmləşdirir. ERA tam mətn deyil, yalnız məqalələrin başlıqları, müəllifləri, nəşr məlumatları və xülasələrini təqdim edir. ERA-nın məlumatına görə, bazada 250.000-dən çox elmi işin tam indeksləşdirilmiş xülasələri mövcuddur və bu, təhsildə aktual beynəlxalq tədqiqatları əhatə edir.

Təhsil eksperti Rahil Nəcəf bildirir ki, bu kimi bazalar dünyanın elmi cəmiyyətlərində etibarlılıq göstəricisi hesab olunur:

“Əgər bir ölkənin təhsil sahəsinə dair jurnalı ERIC və ya ERA-da yoxdursa, bu, həmin ölkədə elmi nəşriyyat mədəniyyətinin və tədqiqat keyfiyyətinin hələ də formalaşmadığını göstərir. Təəssüf ki, Azərbaycan bu göstəriciyə görə regionda ən geridə qalan ölkələrdən biridir.”

Rahil Nəcəf qeyd edir ki, bu vəziyyətin səbəbi nə alim çatışmazlığı, nə də tədqiqat mövzu qıtlığıdır:

“Biz alim yoxdur deyə bilmərik. Azərbaycanlı müəlliflərin məqalələri bir çox beynəlxalq jurnallarda çap olunur. Sadəcə, ölkədaxili jurnallar elmi etimad, metodoloji dərinlik və texniki standartlar baxımından o səviyyəyə çatmayıb ki, ERIC və ERA kimi sistemlər onları qəbul etsin.”

ERICERA-nın əhəmiyyəti ondan ibarətdir ki, onlar təhsil, pedaqogika və tədris metodologiyası üzrə aparılan tədqiqatların beynəlxalq elmi dövriyyəyə çıxışını təmin edir. Həmçinin, bu bazalar vasitəsilə APA, MLA və digər beynəlxalq istinad formatlarında mənbələrə çıxış imkanı yaradılır. Rahil Nəcəf vurğulayır ki, bu imkanlardan istifadə etməmək həm elmi ictimaiyyətin, həm də gənc tədqiqatçıların böyük itkisinə səbəb olur:

“Bizim jurnallarda hələ də 30–40-cı illərin pedaqogika dərsliklərinə və rus müəlliflərinin əsərlərinə istinad edirlər. Halbuki ERIC-də minlərlə müasir metodologiya və təhsil islahatları ilə bağlı tədqiqat mövcuddur. Belə bir elmi xəzinə ola-ola biz hələ də köhnə mənbələrlə elmi məqalə yazırıqsa, bu, sistem probleminin göstəricisidir.”

Rahil Nəcəf həmçinin qeyd edir ki, Azərbaycanın təhsil jurnalları beynəlxalq standartlara uyğunlaşdırılmasa, yaxın gələcəkdə elmi görünürlüyün daha da azalması qaçılmaz olacaq. O bildirir ki, bunun üçün ilk növbədə OJS (Open Journal System) platformasının tətbiqi, DOI, Crossref, ORCID, Google Scholar inteqrasiyaları və COPE (Committee on Publication Ethics) prinsiplərinin icrası vacibdir.

Ekspertin fikrincə, Azərbaycan Respublikasının “Elm haqqında” Qanunu da elmi fəaliyyətin beynəlmiləlləşdirilməsini prioritet kimi müəyyən edir. Həmin qanunun 13.1-ci maddəsinə əsasən, “Elmi fəaliyyətin nəticələri beynəlxalq elmi məkanla inteqrasiya şəraitində yayılmalı və tanıdılmalıdır.”

Rahil Nəcəf bu maddəyə istinad edərək bildirir ki, “əgər biz beynəlxalq elmi məkanla inteqrasiya etmək istəyiriksə, elmi jurnallarımızın keyfiyyəti və texniki səviyyəsi bu inteqrasiyaya cavab verməlidir. Qanun bunu tələb edir, amma real vəziyyət tam tərsinədir.”

Ekspert həmçinin qeyd edir ki, Azərbaycanda elmi jurnalların çoxu yalnız Azərbaycan dilində fəaliyyət göstərir və bu da beynəlxalq auditoriyaya çıxışı məhdudlaşdırır:

“Bu gün dünyanın qabaqcıl elmi jurnalları ən azı iki dildə – yerli və ingilis dillərində dərc olunur. Bizim jurnalların böyük əksəriyyəti isə ya yalnız azərbaycanca, ya da rusca çap olunur. Bu, elmi informasiya dövriyyəsini daraldır və nəticədə dünya bizi görmür.”

Statistik məlumatlara görə, hazırda Türkiyədə təhsil sahəsində 120-dən çox, Gürcüstanda 9, Qazaxıstanda 14, İranda isə 40-a yaxın elmi jurnal beynəlxalq elmi bazalarda indeksləşdirilib. Azərbaycanda isə təhsil sahəsində bir dənə də jurnalERIC, nə ERA, nə də ScopusWeb of Science bazalarında yer alır.

Rahil Nəcəf bu faktı “elmi izolasiya” adlandırır: “Əgər biz beynəlxalq elmi cəmiyyətlərdə görünmürüksə, bizim tədqiqatlarımızın dəyəri sadəcə daxili auditoriya ilə məhdud qalır. Elm milli sərvətdir, amma o, yalnız paylaşılarsa inkişaf edir.”

Ekspert əlavə edir ki, təhsil jurnallarının inkişafı təkcə elm üçün deyil, həm də dövlət siyasəti üçün strateji əhəmiyyət daşıyır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də insan kapitalının gücləndirilməsi əsas məqsədlərdən biri kimi göstərilir.

Rahil Nəcəf qeyd edir: “İnsan kapitalı yalnız keyfiyyətli təhsil və güclü elmi bazanın üzərində qurula bilər. Bizim təhsil jurnallarımız bu məqsədə xidmət etmirsə, o zaman elmi idarəetmə mexanizmini yenidən düşünməyin vaxtıdır.”

Nəticə etibarilə, Rahil Nəcəf hesab edir ki, Azərbaycan təhsil jurnalları potensiala malik olsa da, struktur və beynəlxalq formalaşma mərhələsindədir. Əgər bu problemlər sistemli şəkildə həll edilərsə, Azərbaycanın təhsil jurnalları yaxın gələcəkdə ERIC, ScopusERIH PLUS kimi beynəlxalq bazalarda uğurla təmsil oluna bilər.

“Elm bir ölkənin beynini təmsil edir. Əgər beynimiz görünmürsə, deməli, biz dünyada hələ tanınmamışıq. Bu, təəssüf yox, hərəkət üçün siqnal olmalıdır,” – deyə Rahil Nəcəf vurğulayır.

 

Bəhman Hüseynli

 

Xəbər lenti