Dendrologiya İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Güllü Əliyevanın “Palıd (Quercus L.) ağaclarında polimorfizm: genetik və fenotipik müxtəliflik” monoqrafiyası nəşr olunub.
AZƏRTAC xəbər verir ki, monoqrafiyanın elmi redaktoru akademik İradə Hüseynova, rəyçiləri isə biologiya elmləri doktoru, dosent Zümrüd Məmmədova və biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədovdur.
Kitab ölkəmizdə ilk dəfə olaraq botanika ilə molekulyar biologiyanın inteqrasiyası əsasında hazırlanıb. Əsərdə palıd növlərində morfoloji və genetik müxtəlifliyin təzahür formaları, ekoloji amillərlə qarşılıqlı əlaqələri və filogenetik əlaqələri üzə çıxarılır. Monoqrafiyada təqdim olunan biliklər palıd meşələrinin qorunması, bərpası, seleksiya işləri və biomüxtəlifliyin davamlı idarə olunması üçün elmi baza rolunu oynayır.
Monoqrafiya palıdların biologiyası, ekologiyası və genetik müxtəlifliyi ilə maraqlanan elmi tədqiqatçılar, tələbə, magistrant və doktorantlar üçün dəyərli mənbə hesab olunur.