Logo

Cizakda III Özbəkistan–Azərbaycan Akademik Forumu keçirilib

22.10.2025 12:23 40 baxış
IMG

Cizak Dövlət Pedaqoji Universitetində III Özbəkistan–Azərbaycan Təhsil, Elm və İnnovasiyalar Akademik Forumu keçirilib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, forumun mövzusu “Təhsil diplomatiyanın körpüsü kimi: Özbəkistan–Azərbaycan akademik və mədəni əməkdaşlığının 30 illiyi” olub. Tədbir Özbəkistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi, Azərbaycanın Müstəqilliyinin Bərpası Günü (18 oktyabr) və Özbək dilinin dövlət dili kimi qəbul edilməsinin ildönümü münasibətilə təşkil edilib.

Tədbirin təşkilatçıları sırasında Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Cizak Dövlət Pedaqoji Universiteti, hər iki ölkənin səfirlikləri, habelə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi yer alıb.

Forumun bölmə iclaslarında 100-dən çox professor, müəllim və alim iştirak edib. Onlar təhsil, diplomatiya, tarix, ədəbiyyat və folklor mövzularında məruzələrlə çıxış edərək iki ölkə arasında elmi və mədəni əlaqələrin inkişafında görülən işləri yüksək qiymətləndiriblər.

Forumun açılış mərasimində Özbəkistan Ali Məclisi Senatının Elm, təhsil və səhiyyə məsələləri komitəsinin sədri Baxrom Abdullayev, diplomatik korpusun nümayəndələri, Azərbaycan Milli Məclisinin deputatları, Özbəkistan Elmlər Akademiyasının Qaraqalpaqıstan bölməsinin sədri, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının rəhbəri, həmçinin hər iki ölkədən ondan artıq rektor və prorektor çıxış ediblər.

Baxrom Abdullayev çıxışında qeyd edib ki, bu kimi elmi platformalar yalnız akademik əlaqələrin inkişafına deyil, həm də gənclərin intellektual potensialının artırılmasına, iki ölkə arasında dostluq və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. O vurğulayıb ki, təhsil sahəsində əməkdaşlıq gələcəyin strateji tərəfdaşlığının əsaslarından biridir və belə təşəbbüslər xalqlarımız arasında mənəvi bağların möhkəmlənməsinə töhfə verir.

Cizak Dövlət Pedaqoji Universitetinin rektoru Maksudcon Yuldaşev çıxışında qeyd edib ki, bu kimi akademik platformalar elmi və təhsil əlaqələrinin möhkəmlənməsinə, qabaqcıl təcrübə mübadiləsinə və qardaş xalqlar arasında humanitar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. O vurğulayıb ki, üç il ərzində bu forum Özbəkistan və Azərbaycanın akademik çevrələri arasında səmərəli dialoq üçün sabit və etibarlı platformaya çevrilib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxışında bildirib ki, təhsil və mədəniyyət bu gün xalqlar arasında qarşılıqlı etimadın və strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm diplomatik vasitələrə çevrilib. O, Azərbaycanla Özbəkistanı birləşdirən ortaq tarixi kökləri, mənəvi dəyərləri, ortaq dil birliyimizi və çoxəsrlik dostluğu xatırladaraq, bu kimi tədbirlərin humanitar sahədə qarşılıqlı anlaşmanı və mədəni yaxınlığı daha da gücləndirdiyini qeyd edib.

Forumun sonunda iki ölkə alimləri və təhsil mütəxəssisləri arasında fikir və təcrübə mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra təkliflər səsləndirilib.

Xəbər lenti