Logo

Alim ömrünün işığı

10.10.2025 19:23 190 baxış
IMG

 

Çox sevdiyim zəhmətsevərliyinə elmə olan tükənməz eşqinə məftun olduğum əziz babam!

Artıq bir ildir ki, haqq dünyasındasan.Yolunda ömrünü şam kimi əritdiyin elmin sənsizdir. Bu bir il çox çətin oldu bizlərə. Hər zaman məsləhət alırdım, artıq məsləhətim yoxdur. Əziz babam, özün aramızda olmasan da, həmişə yanımızda olduğunu hiss elədik. Çünki özündən sonra böyük bir məktəb qoyub getdin.Çoxları həmin məktəbdən bəhrələndi, faydalandı, elə mən də. Elmin keçilməz yollarında bizə dəstək oldun, bilmədiyimizi başa saldın, aydınlaşdırdın. Sənə ithaf etdiyim,yazdığım elmi kitabım da yaxın zamanlarda işıq üzü görəcək.

Sənin layiqli davamçın, sevimli qızın Gülnarə müəllimə sənin kəlmələrini hər dəfə öz dərslərində yaşadır. O şagirdlər də müxtəlif ali məktəblərdə və hətta xarici ölkələrdə kimyaçılar, həkimlər və mühəndislər olaraq yetişirlər. Beləliklə, Sənin yaratdığın məktəb Hər yerə parlaq şüalarını yayır, hər yerə işıq saçır.El dilində belə bir deyim var: “Tanrı dağına baxıb qarını verir”. Bu ata sözü tam mənası ilə babama – fəlsəfə doktoru, uzun illər Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləmiş, bir sıra orden və medallarla təltif olunmuş, onlarla oçerk və hekayələrin, “Məktəbdə yaşanan ömürlər” kitabının, müəllimlər üçün 3 metodik, şagirdlər üçün isə 12 adda dərs vəsaitinin, 3 cildlik “Tale qisməti” romanının, kimyanın tədrisində “Proqram-sxem” üsulunun tətbiqinin müəllifinə aiddir. Ona verilmiş ömür payını yorulmadan, təmənnasız olaraq insanlara,həmvətənlərinə sərf eləyən, özünü xalq yolunda fəda edən Fətiağa müəllim əsl vətəndaş, əsl ziyalı olmağı bacardı. Sənin kimi hər kəsin inandığı, güvəndiyi bir İNSAN olmağı Tanrı hər adama qismət eləmir.Sən hər zaman çiynini cəmiyyətimiz üçün mənəvi sütuna çevirdin. 
Sən hər zaman çiynini cəmiyyətimiz üçün mənəvi sütuna çevirdin. Sağlam cəmiyyət, sağlam düşüncə formalaşdırmaq naminə əlindən gələni etdin. Maraqlı söhbətlərin-həyat, insan, insanın cəmiyyətdə yeri, vəzifələri barədə düşüncələrin nə qədər dərin idi! Həqiqətən də, böyük Nizaminin təbirincə desək, “UCALAR fikirdə ucalanlardır”.

Mən şəhərdə doğulmuşam, təbiəti sevməyi, hər ağacın, hər gülün nazı ilə oynamağı isə Sən mənə öyrətmisən. “Ağaclar da insanlar kimidir, ürəklərini sındırmaq olmaz. Diqqətlə baxsan, onların da sevindiyini, kədərləndiyini görərsən”, -deyirdin. Təbiətin bu ecazkar varlıqlarına da sənin gözünlə baxmağı öyrətdin mənə.

Gəncədə öz əlinlə saldığın bağ-bağçanın, qulluğunda durduğun ağacların, güllərin də tənhalığını hiss elədim bu yay. Özü ən ləyaqətli örnək olmaqla övladlarının yolunu işıqlandıran, mənəvi dünyasını inşa edən, əziz babam! Sən kimyaçı idin. Elmi sevməyim, ona bağlanmağım da Sənin sayəndə oldu. Ölkəmizin neft sənayesinin 150 illik tarixindən bəhs edən, yuxusuz gecələrimin, gərgin yaradıcılıq axtarışlarımın bəhrəsi olan ilk elmi-publisistik üslubda yazdığım kitabımı - da Sənə ithaf edirəm.


Əziz babam, böyük insan Fətiağa müəllimin əziz ruhuna dərin hörmət və ehtiramla, xaricdə doktorant, fəlsəfə doktoru üzrə namizəd Malik Qasımzadə


 


 

Xəbər lenti