Logo

Özbəkistanda prof.Mahirə Nağı qızı Hüseynovanın kitabının təqdimatı keçirilib

14.10.2025 15:20 54 baxış
IMG

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor, tanınan şairə Mahirə Nağıqızının özbək dilində Daşkənddə çap olunan “Yana oy kechadi, yillar o‘tadi…” (Yenə ay keçər, illər ötər...) adlı şeirlər kitabının təqdimatı keçirilib.

Mərkəzdəki Heydər Əliyev Muzeyində baş tutan təqdimat mərasimində Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ali məktəblərin müəllimləri, tələbələr iştirak edib.

Təqdimat mərasimini giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Mahirə Nağıqızının ədəbi yaradıcılığı haqqında söz açaraq onu ürəyi vətən sevgisi ilə döyünən bir şairə və eyni zamanda yeni nəslin, tələbələrin sevimlisi olan pedaqoq, vətənini dərin məhəbbətlə sevən bir ziyalı kimi səciyyələndirib. Akif Marifli Mahirə Nağıqızının həm alim, həm də şair kimi çox sayda kitablarının, monoqrafiya və elmi-publisist məqalələrinin olduğunu, onun təkcə Azərbaycanda deyil bütün Türk dünyasında da yaxşı tanındığını qeyd edib. Təqdimatı keçirilən nəşrin Mahirə Nağıqızının özbək dilində işıq üzü görən birinci kitabı olduğunu bildirən Akif Marifli, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən müəllifin bir elmi monoqrafiyasının da özbək dilinə tərcümə edilərək tezliklə çap olunacağını bildirib.

Daha sonra çıxış edən Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini Qayrat Məcid bu münasibətlə Mahirə Nağıqızını təbrik edərək kitabdakı şeirlərin məziyyətləri haqqında söhbət açıb. O deyib ki, Mahirə Nağıqızının şeirlərində anaya və vətənə məhəbbət qırmızı xətt kimi keçir. Əminəm ki, bu toplu özbək oxucularının sevimli kitablarından biri olacaq.

Çıxış edən Nizami adına Özbəkistan Milli Pedaqogika Universitetinin prorektoru dosent Dilnoza Xolmuradova sözügedən nəşrdə yer alan şeirlərin gənc nəslin vətənpərvər ruhda yetişməsi baxımından çox dəyərli poetik nümunələr olduğunu, burada yer alan şeirlərin insan qəlbini riqqətə gətirdiyini vurğulayıb.

Xəbər lenti