Logo

Gələcək təhsil liderlərinin mentorluq proqramı başlayır

09.10.2025 16:47 80 baxış
IMG

Oktyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün qalibləri üçün mentorluq proqramının başlanması ilə bağlı görüş keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, layihənin İşçi qrupunun rəhbəri, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, layihə rəhbəri, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev və müsabiqə qalibləri iştirak ediblər.

Prorektor prof. Fikrət Rzayev çıxışında qeyd edib ki, müsabiqə tələbələrin yaradıcı düşüncəsini, təşəbbüskarlıq və liderlik keyfiyyətlərini üzə çıxaran, onların gələcək peşəkar inkişafına təkan verən mühüm bir platformadır. O bu layihənin gənclərin idarəetmə bacarıqlarının formalaşmasına, intellektual potensiallarının inkişafına və təhsil sahəsində gələcək liderlərin yetişməsinə xidmət etdiyini bildirib. Prorektor çıxışında vurğulayıb ki, ilk dəfə ADPU-da həyata keçirilən və artıq 2-ci mövsümünü geridə qoyan bu müsabiqə universitetin müxtəlif fakültələrindən olan ümumilikdə 800-dək tələbəni əhatə edib. Üç mərhələdən ibarət seçim prosesinin sonunda 10 tələbə qalib adını qazanıb. Qeyd edilib ki, bu kimi layihələr tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsinə, komanda işi və innovativ düşünmə qabiliyyətlərinin inkişafına imkan yaradır. Professor həmçinin vurğulayıb ki, layihə iştirakçılarının əldə etdikləri təcrübə onların gələcək karyera yolunda mühüm rol oynayacaq. Fikrət Rzayev qaliblərə mentorluq mərhələsində uğurlar arzulayıb, onlara təqdim edilən fürsətlərdən səmərəli yararlanmağı, daim fəal və təşəbbüskar olmağı tövsiyə edib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, layihə rəhbəri Taleh Mirzəyev mentorluq proqramının qrafiki, iştirakçıların qarşısına qoyulan tələblər və digər qaydalar haqqında məlumat verib. O, vurğulayıb ki, növbəti həftədən start götürəcək proqram çərçivəsində qaliblər universitetin ayrı-ayrı sturukutur rəhbərlərindən ibarət mentorları ilə mütəmadi görüşlər keçirəcək, onların təcrübələrindən faydalanacaq, öyrəndiklərini real iş mühitində tətbiq etmək fürsəti qazanacaqlar.

Sonda iştirakçıların mentoqluq proqramı ilə bağlı sualları cavablandırılıb.

 

 

 

 


 

Xəbər lenti