Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə dünyanın ən qədim və nüfuzlu akademik nəşriyyatlarından biri olan Kembric Universiteti Nəşriyyatı (“Cambridge University Press”) arasında imzalanmış əməkdaşlıq razılaşması milli elmi sistemin beynəlxalq elmi kommunikasiya məkanına inteqrasiyasında yeni mərhələ kimi dəyərləndirilə bilər. Bu razılaşma çərçivəsində ölkədə fəaliyyət göstərən bütün alim və tədqiqatçılara növbəti üç il müddətində “Cambridge University Press” nəşriyyatının 422 yüksək impakt faktorlu, hibrid və “qızıl” açıq əlçatanlıq ("Open Access") jurnallarında limitsiz sayda ödənişsiz elmi məqalə dərc etmək imkanı təqdim olunur.
Sözügedən təşəbbüs təkcə texniki və maliyyə xarakterli bir güzəşt kimi deyil, həmçinin Azərbaycan elminin qlobal elmi mühitdə rəqabətqabiliyyətini yüksəldən sistemli və strateji qərar kimi qiymətləndirilə bilər. Müasir elmi fəaliyyətin qlobal məntiqi kontekstində bilik istehsalının dəyəri onun yalnız lokal elmi məkanla məhdudlaşmaması, eyni zamanda beynəlxalq bilik dövriyyəsinə inteqrasiya olunma dərəcəsi və digər tədqiqatlarla qarşılıqlı elmi əlaqələr yaratmaq qabiliyyəti ilə müəyyən olunur. Bu baxımdan “Cambridge University Press” kimi yüksək reputasiyalı nəşriyyatın platformalarında Azərbaycan tədqiqatçılarının elmi nəticələrinin təqdim edilməsi milli elmin qlobal elmi məkanlarda tanınma səviyyəsinin və istinad indekslərinin yüksəldilməsi baxımından mühüm elmi mərhələ kimi xarakterizə oluna bilər.
Qeyd etmək lazımdır ki, “Scopus” və “Web of Science” (WoS) kimi dünya elminin aparıcı istinad bazalarında indekslənən elmi jurnallarda açıq əlçatanlıq prinsipi əsasında məqalələrin dərc olunması xərcləri, adətən, minlərlə manat həcmində ödənişlərlə müşayiət olunur. Belə bir kontekstdə Azərbaycan tədqiqatçılarının bu ödənişlərdən azad edilməsi elmi fəaliyyətin maliyyə məhdudiyyətlərini aradan qaldıraraq bilik istehsalında inklüzivliyi və elmi iştirak bərabərliyini təmin edən mühüm institusional mexanizm kimi dəyərləndirilə bilər.
Əməkdaşlıq təkcə fərdi səviyyədə elmi nəticələrin paylaşılması ilə məhdudlaşmır, həm də institusional və sistem səviyyəsində elmi infrastrukturun gücləndirilməsinə yönəlmiş çoxşaxəli təsirə malikdir. Razılaşmaya əsasən, ölkənin 140 elmi və ali təhsil müəssisəsinə “Cambridge University Press” jurnallarına müddətsiz oxu və istifadə imkanı təqdim edilməsi milli elmi sistemdə bilik resurslarına bərabər çıxışın təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bu, təkcə elmi informasiya təminatının keyfiyyətinin yüksəlməsi deyil, həm də regionlararası elmi potensialın balanslaşdırılması, ali təhsil müəssisələrinin elmi resurs bazasının optimallaşdırılması və elmi fəaliyyətin coğrafi mərkəzləşmədən azad olması baxımından önəmlidir.
Bu razılaşma eyni zamanda Azərbaycan elmi siyasətinin bilik iqtisadiyyatı və açıq elm prinsipləri ilə uyğunlaşmasının konkret təzahürü kimi dəyərləndirilə bilər. Açıq elmin ("Open Science") müasir konsepsiyası tədqiqat prosesinin bütün mərhələlərində – bilik istehsalı, paylaşımı və tətbiqi zəncirində şəffaflıq, əlçatanlıq və əməkdaşlıq prinsiplərinin təmin edilməsini nəzərdə tutur. “Cambridge University Press” kimi yüksək təsirli beynəlxalq nəşriyyatlarla əməkdaşlıq bu prinsiplərin milli elmi praktikalarda tətbiqini stimullaşdırmaqla, Azərbaycan elminin bilik əsaslı inkişaf modelinə keçidini dəstəkləyir və milli elmi potensialın qlobal elmi mühitə inteqrasiyasını gücləndirir.
Eyni zamanda, bu təşəbbüs elmi etikanın, metodoloji dəqiqliyin və keyfiyyət mədəniyyətinin təşviqi baxımından da mühüm əhəmiyyət kəsb edir. Yüksək impakt faktorlu jurnallarda məqalələrin dərc prosesi tədqiqatçılardan yalnız elmi yenilik tələb etmir, həm də beynəlxalq səviyyədə qəbul olunmuş akademik davranış normalarına və elmi yazı standartlarına uyğunluğu tələb edir. Bu, ölkə üzrə tədqiqat mədəniyyətinin inkişafına, gənc alimlər və doktorantlar arasında beynəlxalq elmi kommunikasiya bacarıqlarının formalaşmasına və elmi fəaliyyətin keyfiyyətinin yüksəlməsinə şərait yaradır.
Son illərdə ölkədə həyata keçirilən elmi islahatlar – tədqiqat universitetlərinin formalaşdırılması, elmi nəticələrin kommersiyalaşdırılması, beynəlxalq elmi əməkdaşlıq platformalarında iştirak və elmi göstəricilərin beynəlxalq reytinq sistemlərinə inteqrasiyası milli elmi sistemin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. “Cambridge University Press” ilə əldə olunan razılaşma bu transformasiyanın məntiqi davamı kimi elmi biliklərin açıq dövriyyəsi, elmi məhsuldarlığın yüksəldilməsi və qlobal elmi əməkdaşlıqların genişləndirilməsi istiqamətində fundamental baza yaradır.
Bu çərçivədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə “Cambridge University Press” arasında qurulan əməkdaşlıq milli elmin beynəlxalq sistemdə mövqelərinin gücləndirilməsinə, bilik əsaslı iqtisadiyyatın inkişafına və Azərbaycan tədqiqatçıları üçün qlobal elmi diskursda daha fəal iştirakına şərait yaradan strateji və transformativ təşəbbüs kimi qiymətləndirilir.
Xalidə HÜSEYNZADƏ
Azərbaycan Respublikasının Təhsil İnstitutunun doktorantı,
Elm və Təhsil Nazirliyinin əməkdaşı