Oktyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələrinin, veteranların, dövlət rəsmilərinin, tələbələrin, kursant və zabitlərin, ziyalıların iştirakı ilə “Azərbaycan - müharibənin qalibi, sülhün müəllifi” mövzusunda keçirilən konfrans keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, konfransda ADPU-nun rektoru professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı Anar Fərmayılov, universitetin tələbə və müəllimləri də iştirak ediblər.
Rektor Cəfər Cəfərov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi tarixi Zəfərin milli tariximizdə mühüm mərhələ olduğunu qeyd edib. O, bildirib ki, bu Zəfər təkcə hərbi qələbə deyil, həm də xalqımızın uzun illər davam edən milli birliyinin, dövlətinə və ordusuna olan sarsılmaz inamının təntənəsidir. Rektor vurğulayıb ki, məhz bu qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub, xalqımız ədalətin və tarixi haqqın bərpasına şahidlik edib. Qeyd edilib ki, bu gün ölkəmizdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri, azad edilmiş torpaqlarda həyatın yenidən canlanması Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və qalib xalqımızın iradəsinin parlaq göstəricisidir.
Konfransda Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, Nərimanov Rayon İcra Hakimiyyətinin başçı Elgin Həbibullayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov və başqaları çıxış edərək, 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə, 2023-cü ildə həyata keçirilən suverenliyin tam bərpası əməliyyatı böyük hərbi, tarixi, siyasi və mənəvi əhəmiyyəti, Azərbaycanın həm müharibə, həm də diplomatik müstəvidəki uğurları barədə danışıblar.
ADPU-nun müəllimi, ehtiyatda olan polkovnik Qabil Talıbov, İncəsənət və fiziki tərbiyə fakültəsinin IV kurs tələbəsi Ülvi Həsənzadə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində gerçəkləşən suverenliyin tam bərpası əməliyyatının önəmindən danışıblar. Natiqlər qeyd ediblər ki, məhz Azərbaycan Respublikası Prezidentinin qətiyyəti, Silahlı Qüvvələrimizin fədakarlığı, xalqımızın həmrəyliyi tarixi zəfərimizi təmin edib, uzun illərdir davam edən işğal probleminə son qoyub.
Konfrans çıxışlardan sonra müzakirələrlə davam edib.