Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında Prezident İlham Əliyevin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 17 sentyabr tarixli Sərəncamının icrasından irəli gələn məsələlər haqqında müzakirələr aparılıb.
Bu barədə AMEA-dan TƏHSİL.BİZ -ə məlumat verilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birlikdə görkəmli siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illiyinə dair Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.
Akademik İsa Həbibbəyli dövlətimizin başçısının sərəncamında da qeyd olunduğu kimi, Fətəli xan Xoyskinin Azərbaycan Xalq Cümhuriyyətində demokratik dövlət idarəçiliyinin təşkili, iqtisadiyyatın, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafı, ordu quruculuğu, eləcə də Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr verdiyini bildirib.
AMEA rəhbəri diqqətə çatdırıb ki, bu sərəncam Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatın parlaq nümayəndələrindən biri Fətəli xan Xoyskinin həyat və yaradıcılığının müstəqilliyimizin verdiyi geniş imkanlar işığında, elmi prinsiplər əsasında tədqiq və təbliğ olunması zərurətini ortaya qoyur.
Bu günə kimi Fətəli xan Xoyskiyə həsr olunmuş yalnız silsilə məqalələrin işıq üzü gördüyünü deyən akademik İsa Həbibbəyli bu nəhəng şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən sanballı nəşrin olmadığını, dövlətimizin başçısının sərəncamından irəli gələrək, AMEA-nın Tarix və Etnologiya İnstitutu tərəfindən ilk dəfə olaraq fundamental monoqrafiyanın hazırlandığını söyləyib.
Sərəncamın icrasını təmin etmək məqsədilə Rəyasət Heyəti tərəfindən Tədbirlər planının hazırlanmasına dair müvafiq tapşırıq verilib.