Logo

ASAP tərəfindən xarici ölkələrdə Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib

29.09.2025 10:42 106 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə 27 sentyabr - Anım Günü ilə əlaqədar Çin Xalq Respublikası, Avstriya, İtaliya və Gürcüstanda silsilə tədbirlər keçirilib.

Pekin şəhərində 27 sentyabr - Anım Günü ilə əlaqədar Çində təhsil alan azərbaycanlı gənclərlə görüş baş tutub. Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin nümayəndələrinin də iştirak etdiyi görüş zamanı 30 il işğal altında qalmış ərazilərimizin düşmən tapdağından azad edilməsi haqqında danışılıb. Bildirilib ki, Azərbaycan Ordusu həm 44 günlük Vətən müharibəsi, həm də antiterror tədbirləri zamanı böyük rəşadət və qəhrəmanlıq göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu qələbəyə zəmin yaratdığını vurğulayan gənclər xalqımızın əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyduğunu, ölkəmizin ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn bərpa edildiyini, bu zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd ediblər.

Avstriyanın Vyana şəhərində 27 sentyabr - Anım Günü münasibətilə gənclərlə panel müzakirəsi keçirilib. Avstriyada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə baş tutan tədbir zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsinin yekununda beynəlxalq hüquq və ədaləti bərqərar etdiyini diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan BMT qətnamələrini təkbaşına icra edərək işğala son qoyub, Ulu Öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi kurs nəticəsində dövlətimiz öz ərazilərini heç kimə güzəştə getməyib, ərazi bütövlüyünü tam bərpa edib. Tədbir 44 günlük Vətən müharibəsinə həsr edilmiş videoçarxın nümayişi ilə davam edib.

İtaliyanın Roma şəhərində 27 sentyabr - Anım Gününə ilə bağlı azərbaycanlı gənclərlə görüş keçirilib. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş cəsur hərbçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Çıxışlar zamanı bildirilib ki, şanlı Qələbə tariximizin yazılmağa başlandığı gündən - 44 günlük Vətən müharibəsindən 5 il ötür. Məhz 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlayan əks-hücum əməliyyatları Qarabağımızın azadlığı uğrunda müqəddəs Vətən müharibəsinə çevrildi. Xalqımız Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşdi. Xüsusi olaraq vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş bütün qardaş və bacılarımızın əziz xatirəsi harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyində əbədi qalacaq.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Gürcüstanın Tbilisi şəhərində gənclərlə 27 Sentyabr - Anım Gününə həsr olunmuş dəyirmi masa görüşü baş tutub. Tədbir zamanı Gürcüstanda yaşayan azərbaycanlı gənclər 44 gün davam edən haqq savaşında xalq, ordu və dövlət birliyinin möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından danışıblar. Ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun bölmələrinin düşmənin hücumunun qarşısını alması və əks-hücum əməliyyatlarına başlamasından bəhs edib. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsinin rəşadətli Azərbaycan Ordusunun qələbəsi və torpaqlarımızın işğaldan azad olunması ilə bitməsinin dondurulmuş münaqişə mifinin yalan olduğunu sübuta yetirib.

Əlavə olaraq Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş “Unity in Remembrance: Azerbaijan’s Story for the World” adlı panel müzakirəsi təşkil edilib. Azərbaycanda təhsil alan xarici tələbələrin iştirak etdiyi tədbir zamanı spikerlər ölkəmizin qazandığı bu böyük zəfərin dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət, həmçinin onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində əldə olduğunu qeyd edib. Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə ilə bütün dünyaya öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini əyani şəkildə göstərdiyi diqqətə çatdırılıb. Bildirib ki, şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə örnək və nümunə göstərmək hər birimizin üzərinə düşən ən müqəddəs borcdur. Tədbirin əsas məqsədi müxtəlif ölkələrdən olan gəncləri Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış etmək, 27 sentyabr tarixinin əhəmiyyətini izah etmək və gənclər üçün dialoq mühiti yaratmaq olub.

Xəbər lenti