Logo

Azərbaycanlı professor “Dünyanın ən nüfuzlu alimləri” siyahısında

29.09.2025 10:08 51 baxış
IMG

Türkiyənin İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev (Avey) növbəti dəfə Stanford Universiteti tərəfindən aparılan hərtərəfli araşdırmanın nəticələrinə görə elmi, texniki və tibbi nəşrlərdə ixtisaslaşmış beynəlxalq nəşriyyat olan “Elsevier”in nəşr etdirdiyi “Dünyanın ən nüfuzlu alimləri” siyahısına daxil olub. 

TƏHSİL.BİZ  xəbər verir ki, azərbaycanlı alim “Karyeraya təsir”, “İllik təsir” kateqoriyalarında Stanford Universitetinin dünyanın 2 faiz ən nüfuzlu alimləri sırasındadır. Bu nəticə İstanbul Ticarət Universitetinin müəllimlərinin elmi məhsuldarlıq baxımından beynəlxalq effektivliyini bir daha nümayiş etdirir. 

Ümumilikdə isə, adıçəkilən ali təhsil müəssisəsinin 5 alimi (prof. dr. Abdullah Avey, prof. dr. Doğan Kaya, doç. dr. Nuri Cihat Onat, dr. Usman Ojonugva və prof. dr. Mehmet Sezgin) “Karyeraya təsir”, 7 alimi (prof. dr. Abdullah Avey, dr. Usman Ojonugva, doç. dr. Nuri Cihat Onat, prof. dr. Murat Küçükvar, dr. Olasehinde-Villiams Godvin Oluseye, prof. dr. Doğan Kaya və prof. dr. Mehmet Sezgin) isə "İllik təsir" kateqoriyalarında dünya sıralamasına daxil olublar. 

Bu nailiyyət adıçəkilən alimlərin çoxillik elmi töhfələrinin beynəlxalq səviyyədə tanındığını göstərir. Alimlər son illərdəki elmi nailiyyətləri və töhfələri ilə diqqəti cəlb edib və təmsil etdikləri universitetlerin beynəlxalq səviyyədə nüfuzunu daha da artırıb.

Hər il mütəmadi olaraq aparılan bu araşdırma dünyanın müxtəlif ölkələrindən olan alimlərin elmi töhfələrini ölçür və ən nüfuzlu alimləri müəyyənləşdirir. “Elsevier” tərəfindən nəşr olunan və elmi dünyada böyük nüfuza malik olan siyahı akademik sahədə nailiyyətlərin qlobal miqyasda qeydə alınmasına imkan verir.

Onu da qeyd edək ki, bu siyahı alimlərin karyera dövründə verdiyi töhfələri nəzərə alır. Bu kateqoriya daha önəmli hesab olunur. A.Sofiyevə verilen istinadlar öz istinadları ilə birlikdə 21,598-ci, elmi məqalələrinə verilən digər dünya alimlərinin istinadlarına görə isə 22,895-ci yerdədir. 

Professor Abdulla Sofiyevin bu nəticəsi dünyanın fərqli universitetlərində və Azərbaycanda çalışan bütün azərbaycanlı alimlər arasında ən yaxşı göstəricidir. 

Professor Abdulla Aveyin son illərdə İstanbul Ticarət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində apardığı fundamental və tətbiqi tədqiqatlar universitetlərin elmi-innovativ potensialının güclənməsinə və regional, eləcə də beynəlxalq əməkdaşlıqların inkişafına şərait yaradıb. 

Alim “İllik təsir” kateqoriyası üzrə uğurlarına görə daha öndə, 12,329-cu yerdədir.  

Qeyd edək ki, dünyaca məşhur azərbaycanlı professor Abdulla Sofiyev (Avey) “Tətbiqi mexanika” və “Kompozit strukturlar” kimi mötəbər jurnalların redaksiya heyətinin üzvüdür. 16 magistr və 5 elmlər doktoru yetişdirib. 300-dən artıq fundamental elmi məqaləsi mühəndislik, nanomaterial, kompozitlər, tətbiqi riyaziyyat və fizika jurnallarında çap olunub. Məqalələrinin 200-ə qədəri çox mötəbər beynəlxalq (SCİ) jurnallarında işıq üzü görüb.

Türkiyənin bir çox universitetlərində və Almaniyanın Karleruhe Universitetinin Texniki Mexanika İnstitutunun elmi layihələrində iştirak edən A.Sofiyev TUBİTAK və NATO dəstəkli layihələrdə uğurla iştirak edib.

Türkiyə Milli Nəzəri və Tətbiqi Mexanika Komitəsinin sədr müavini, İstanbul Ticarət Universitetinin professoru Abdulla Heydǝr oğlu Sofiyev 1961-ci ildə Qazax rayonunun Daş Salahlı kǝndindǝ anadan olub. Azǝrbaycan Pedaqoji İnstitutunun “Riyaziyyat” fakültǝsini bitirib.  1985-1996-ci illǝrdǝ Azǝrbaycan Texniki Universitetinin “Nǝzǝri mexanika” kafedrasının aspirantı, assistenti, baş müǝllimi vǝ dosenti vǝsifǝlǝrindǝ işlǝyib. 1996-2001 vǝ 2001-2005-ci illǝrdǝ Türkiyǝ Cümhuriyyǝti Ondokuz Mayıs vǝ Süleyman Dǝmirǝl universitetlǝrinin İnşaat mühǝndisliyi bölümü mexanika kafedrasında dosent vǝsifǝsindǝ çalışıb. 

O, 2019-2024-ci illərdə hər il Stanford Universitetinin tərtib etdiyi dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib və öz elm sahəsində dünyanın ən nüfuzlu 100 elm adamı siyahısında yer alıb. Professor Abdulla Sofiyevin nanokompozit və funksional dərəcələndirilmiş materiallardan hazırlanan konstruksiyaların davranışları haqqında fundamental araşdırmaları davam edir və o, dünyada aparıcı elm adamlarından biri hesab olunur.

Professor Abdulla Sofiyevi dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilməsi münasibətilə təbrik edir, ona elmi fəaliyyətində uğurlar arzulayırıq. 

 


 

Xəbər lenti