Oktyabrın 30-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində milli ruhumuzun dahi bəstəkarı, Azərbaycanın musiqi xəzinəsinin yaradıcısı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş yeni, fərqli bir əsər “Üzeyirin ecazkar dünyası” kitabının təqdimatı baş tutdu.
Bu, sıradan bir təqdimat deyildi, min illərin musiqi mirasının səsi ilə tanınmış musiqiçilər və pedaqoqların böyüməkdə olan gənc nəslin bir araya gəlməsi idi.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə böyük sənətkarın 140 illik yubileyi çərçivəsində keçirilən tədbiri Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova açaraq görkəmli bəstəkar, musiqişünas, publisist, dramaturq, pedaqoq və Şərqdə ilk operanın müəllifi, Xalq artisti, Dövlət mükafatları laureatı Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən söz açdı. Təqdimatı keçirilən “Üzeyirin ecazkar dünyası” kitabının məziyyətlərindən danışan direktor onun ərsəyə gəlməsində əməyi keçən hər kəsə, xüsusilə vəsaitin hazırlanmasının ideya müəllifi professor Tariyel Məmmədova və onlara hər zaman öz dəstəyini göstərən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə öz təşəkkürünü bildirdi.
Çıxış üçün söz alan Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli kitabın böyüməkdə olan gənc nəslin musiqi zövqünün formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini söylədi: “Bu kitab dahi Üzeyir Hacıbəylinin zəngin irsinin gələcək nəsillərə çatdırmaq üçün möhtəşəm bir vasitədir. “Üzeyirin ecazkar dünyası” yalnız bir kitab deyil, bu milli musiqi irsimizi qoruyub saxlamaq, onu gələcək nəsillərə sevdirmək və Azərbaycan musiqi təhsilində interaktiv, rəqəmsal yanaşmaların tətbiqinə yol açmaqdır. Bu layihə müasir texnologiyanın köməyi ilə musiqi dünyasının ecazkar melodiyalarını bugünkü gənclərə çatdırır”.
Rektor qeyd etdi ki, Üzeyir Hacıbəyli təkcə musiqi yaradıcısı deyil, xalqımızın qəlbinin ritmini tapmış böyük ziyalıdır. Onun operaları milli ruhun, Azərbaycan insanının həyat hekayəsinin musiqi ilə danışmasıdır. Kitabın həm müsiqisevərlər, eyni zamanda orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər üçün dəyərli mənbə olacağına diqqətçəkən Fərhad Bədəlbəyli onun hazırlanmasında əməyi olan hər kəsə minnətdarlıq etdi.
İncəsənətin yeni üfüqləri: Qeymifikasiya və interaktiv təhsil
Kitabın ideya müəllifi, musiqişünas, professor "Musiqi dünyası" jurnalının baş redaktoru Tariyel Məmmədov kitabın hazırlanmasında əsas məqsədin milli musiqi mədəniyyətimizi sevdirmək, onu canlı və maraqlı etmək, eləcə də gələcək nəsillərin musiqiyə olan sevgisini oyatmaq olduğunu dedi. Professor “Üzeyirin ecazkar dünyası”nın rebuslar, krossvordlar, sudoku və tapmacalar vasitəsilə oxucunu musiqi səyahətinə dəvət etdiyini bildirdi: “Topluya musiqili rebuslar, krossvordlar, sudoku, filvordlar, anaqramlar və tapmacalar daxil edilib. Hər səhifə bir sirr, hər tapmaca isə Üzeyir bəyin yaradıcılığının yeni cəhətlərini kəşf etmək üçün açılan qapıdır. Bu kitab təkcə bir nəşr deyil o, musiqi təhsilində yeni bir üfüq açır, qədim notların yeni dillə danışmasını təmin edir. Burada qeymifikasiya prinsipi, yəni oyunlaşdırma, elmi yanaşma ilə birləşir və beləliklə, musiqi təhsili oyun və əyləncə ilə zənginləşir”.
Rəqəmsal və tədris innovasiyaları: Virtual muzey
Sonra mərasim iştirakçılarının kitaba virtual səyahəti başladı. Səhnədə ekrana yansıyan görüntülərdə kitabın hər səhifəsi, tapmacası, oyunları sanki rəqəmsal dünyaya açılan bir qapı idi. Kitab Azərbaycanda ilk dəfə olaraq virtual muzeylə müşayiət olunur. Virtual muzey pedaqoji cəhətdən dəstəklənmiş rəqəmsal tədris vasitəsi olaraq biliklərin vizual və interaktiv təqdimatına, təhsilalanlarda idrak motivasiyasının yüksəldilməsinə xidmət edir. QR-kodlar vasitəsilə oxuculara Üzeyir bəyin həyatını və yaradıcılığını əks etdirən virtual muzeyə daxil ola bilmək imkanı yaradılıb. Bu muzeydə nadir sənədlər, orijinal musiqi notları, fotoşəkillər və eksklüziv eksponatlar təqdim olunur. Hər bir eksponat, sanki Üzeyir bəyin özü ilə dialoq qurmağa imkan verir. Nəşr Azərbaycanda musiqiyönümlü tədris prosesinə qeymifikasiya (oyunlaşdırma) prinsipinin tətbiqinə ilk nümunələrdən biridir. Tapmaca və intellektual oyunların əyləncəli formatda təqdimatı biliklərin daha asan mənimsənilməsini təmin edir, analitik və tənqidi təfəkkürü inkişaf etdirir. Rəqəmsal platforma təhsilalanlarda öyrənmə motivasiyasını artırır, vizual yaddaşı gücləndirir. Beləliklə, “Üzeyirin ecazkar dünyası” kitabı təkcə milli irsin qorunması deyil, həm də onun canlı yaşadılması üçün parlaq nümunədir. Burada eksklüziv materiallar, eksponatlar və əlavə məlumatlarla tanış olmaq, mövzu üzrə bilikləri genişləndirmək və kitabda verilən tapmaca və suallara düzgün cavab tapmaq mümkündür.
Qeyd edək ki, təkcə milli irsin qorunması deyil, həm də onun canlı yaşadılması üçün parlaq nümunə olan “Üzeyirin ecazkar dünyası” kitabı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası, “Musiqi Dünyası” Elektron Nəşrlər Mərkəzi və “Azərbaycan Nəşriyyatı” MMC tərəfindən çapa hazırlanmışdır.