Logo

Tələbələrin sahibkarlıq bacarıqlarının inkişafı üçün yeni platforma yaradılıb – Nazir

30.09.2025 09:10 51 baxış
IMG

“Gənclərin sahibkarlıq ruhunu gücləndirmək üçün dövlət-özəl tərəfdaşlıq modeli qurulur. Azərbaycanda tələbələrin sahibkarlıq bacarıqlarını inkişaf etdirmək məqsədilə yeni çoxşaxəli tərəfdaşlıq platforması yaradılıb”. 

TƏHSİL.BİZ xəbər verir ki, bu sözləri Bakıda “PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən beynəlxalq “INMerge” İnnovasiya Sammiti 2025-də (INMerge Innovation Summit 2025) “Təhsil-Sahibkarlıq Boru Kəməri: Biliyin milli inkişafa çevrilməsi” mövzusunda təşkil edilmiş panel müzakirədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki,  bu təşəbbüs Elm və Təhsil, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri ilə yanaşı, PASHA və SOCAR kimi aparıcı korporativ şirkətlərin birgə əməkdaşlığına əsaslanır.

“Bu əməkfdaşlığın hədəfi təkcə resurs təmin etmək deyil, həm də sahibkarlığa dair mədəniyyət formalaşdırmaqdır: mövcud stereotipləri sındırmaq, risk almağı təşviq etmək və uğursuzluğu öyrənmənin vacib hissəsi kimi qəbul etdirmək önəmlidir” ,– deyə nazir vurğulayıb.

Emin Əmrullayevin sözlərinə görə, layihənin uğuru aydın KPI (əsas keyfiyyət indikatoru) göstəriciləri ilə qiymətləndiriləcək: tələbə-startaplarının sayı və cəlb olunan investisiya həcmi əsas meyarlar olacaq.

“Biz istəyirik ki, gənclər universiteti yalnız diplomla deyil, həm də öz müəssisələrini qurmağa imkan verən bilik, bacarıq, şəbəkə və inamla bitirsinlər”, – o əlavə edib.

Xəbər lenti