Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə Milli Aviasiya Akademiyası arasında süni intellektin elmi-tədqiqatlarda istifadəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
TƏHSİL.BİZ xəbər verir ki, müqavilənin əsas məqsədi mərkəzi sinir sisteminin və digər fizioloji sistemlərin fəaliyyət mexanizmlərinin süni intellekt texnologiyalarının tətbiqi vasitəsilə öyrənilməsi və modelləşdirilməsinə yönəlmiş birgə tədqiqatların aparılmasıdır.
Multidisiplinar yanaşmalar əsasında həyata keçiriləcək elmi-texniki əməkdaşlıqda psixofizioloji və koqnitiv proseslərin süni intellekt texnologiyalarına əsaslanan, identifikasiya, proqnozlaşdırma və “BioFeedBack” vasitəsilə korreksiya alqoritmlərinin işlənib hazırlanması və tətbiqini nəzərdə tutulur. Bununla yanaşı, müəssisələrin beynəlxalq qrant proqramlarında birgə layihələrlə iştirakı, elmi məlumat bazalarının yaradılması, elmi seminarların, konfransların və digər akademik tədbirlərin təşkili, habelə birgə elmi nəşrlərin hazırlanması və dərc edilməsi, tələbələr və gənc mütəxəssislər üçün elmi-praktik təcrübə proqramlarının təşkili və digər məsələlər də həyata keçiriləcək.