ŞƏHİDLİK müqəddəslikdir. Şəhidlik Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Şəhidlik şərəf, qeyrət, ucalıq, əlçatmaz zirvədir. Bu məqama yüksəlmək hər insana nəsib olmur. Yalnız seçilmişlər bu zirvəni fəth edir.
Qürur mənbəyimiz olan Şəhidlərimizin sırasında Səbail rayonu R.Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyin məzunları da var: Rəfail Hüseynov, Cəbrayıl Əsgərov, Nadir Hüseynov, Nicat Şükürlü, Vüsal Həsənov, Tacəddin Əzizli və Aydın Nəsirov. Onlar I və II Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək canlarını vətən uğrunda fəda verən məzunlarımızdır. 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə qalxan Səbail rayon igidləri haqq savaşına məhz 49 nömrəli məktəbdən yola salınıb. Təsadüfi deyil ki, təhsil ocağımız məktəbin məzunu şəhid Rəfail Maarif oğlu Hüseynovun adını daşıyır.
Kollektivimizdə şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir. Məktəbin direktoru Elza Bağırzadə mütəmadi olaraq şəhid ailələri ilə görüşlər təşkil edir. Şəhidlərin valideynləri qürur hissi ilə məktəbə gəlirlər. Onlar tədbirlərimizin ali qonaqları olaraq şagirdlərə qəhrəmanlarımızın keçdikləri şərəfli həyat yolundan söhbət açır, onların vətənpərvərlik ruhunda böyüməsinə əvəzsiz töhfə verirlər.
Şəhidlərimizi gələcək nəsillərə yaxından tanıtmaq biz müəllimlərin əsas vəzifəsidir. Bu məqsədlə məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın rəhbəri və üzvləri şəhid məzunlarımız haqqında QR kodlar hazırlamaq təşəbbüsü irəli sürdülər. Bu uğurlu təşəbbüs öz müsbət nəticəsini verdi. QR kod tətbiqi vasitəsilə həm məktəbimizi, həm də məktəbin şəhid məzunlarını yaxından tanımaq daha əlçatan oldu. QR kodlar şəhid tablolarının üzərində yerləşdirilib. Məktəb kollektivi və qonaqlar kodları oxutmaqla şəhid məzunlar, onların həyatı, həmçinin döyüş şücaəti ilə yaxından tanış ola bilirlər.
Siz də bu QR kodu oxudun, məktəbimizi və məktəbimizin şəhid məzunlarını yaxından tanıyın.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Şəhla ƏLİYEVA,
Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseyin müəllimi, “Kiçik Akademiya”nın rəhbəri