“Bu gün təqdimatı keçirilən “Mənim Qərbi Azərbaycanım” kitabı xarici dillərə tərcümə olunmalıdır. Xaricdə yaşayan həmvətənlərimiz orada, biz isə burada müxtəlif tədbir və konfranslarda bu kitabı təqdim etməliyik. Hamı bilməlidir ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin aparıcı mütəxəssisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mənim Qərbi Azərbaycanım” layihəsinin meneceri Rövşən Ağayev jurnalistlərə açıqlamasında söyləyib.
O bildirib ki, bu kitabın müəllimlər tərəfindən tədris prosesində istifadəsi səmərəli olar: “Hesab edirəm ki, bu kitab müəllimlər tərəfindən tədrisdə istifadə olunmalı, onlar buradakı məlumatları öz dərslərində və dərsdənkənar məşğələlərdə şagirdlərə, tələbələrə çatdırmalıdırlar. Bu, Azərbaycanın tarixidir, bu bizim keçmişimizdir. Biz bunu unutmamalı, geniş ictimaiyyətə çatdırmalıyıq. Hesab edirəm ki, kitabdan bu məqsədlə istifadə etsək, çox yaxşı nəticələr ala bilərik”, – deyə o qeyd edib.