İndiyə qədər çox təssüflər olsun ki, elmi ictimaiyyətimizdə yalnış bir təmayül formalaşıb. Bu da alimlərimizin məqalələrini beynəlxalq elmi jurnallarda nəşr edərək özlərini sübut etmək tendensiyasıdır. Halbuki özümüzün elmi bazamız və yaradılan şərait asanlıqla imkan verirki, ingilis dilində humanitar elmlər sahəsində yüksək səviyyəli elmi jurnal dərc edək. Və dünya elminin qəbul etdiyi “Web of Science” və “Scopus” elmsimetrik indeks platformlarında təmsil olunaq. Bu elmi platformaların üstünlüyü ondan ibarətdir ki, dünya elmi öz standartlarını məhz bu elmisimetrik bazanın əsasında təyin edir. Bu ciddi standartlara görə elmi yeniliklərə, dərin müzakirələrə yer verməyən, elmi jurnallar ayırd edilir. Ağ qaradan seçilir və hədəfi daima orjinallıq, keyfiyyət, yenilik, elmilik və s. kimi üstün məziyyətlər olan elmi jurnallar qorunur, inkişaf etdirilir və dünya elminə təqdim edilir. Bu yüksək elmisimetrik bazalarda ölkəmizi təmsil edən humanitar və ictimai elmlərə dair heç bir elmi jurnal yoxdur. Elmi jurnallarda uzun illərə əsaslanan iş təcrübəsindən yaxşı məlumdur ki, xüsusilə təhsil sahəsində yüksək indeksli bir jurnalın Web of Science platformasında olması heç şübhəsiz ki, elm və təhsilimizin çox böyük uğuru olardı. Mənfur qonşumuz Ermənistanın xüsusilə humanitar elmlər sahəsində bir neçə jurnalı Web of Science və Scopus elmi platformalarına daxil edilmişdir. Nəzərə almaq lazımdır ki, dəqiq və siyasi elmlər sahəsində bu platformalara daxil olmaq daha asandır, lakin humanitar xüsusilə pedoqogika, tarix, politologiya və siyasi elmlərdə bu olduqca çətindir. Misal üçün Qafqaz regionunun siyasi və ictimai problemlərinin elmi-diskussiv müzakirələrinə həsr edilmiş dünyaca məşhur “Caucasian Studies” çox təəssüflər olsun ki, Qafqaz regionuna daxil ölkələrdə deyil, Böyük Britaniyada nəşr olunur. Yaxud ABŞ- da nəşr edilən məşhur “Genoside” elmi jurnalında “Xocalı faciəsi” ilə əlaqədar bir elmi məqalə varmı? Təbii ki də yox. Halbuki belə bir elmi əsaslandırılmış və istinadlarla gücləndirilmiş elmi məqalənin bu jurnalda nəşrinə böyük ehtiyac var. Böyük Azərbaycan şairi Nizami ilə bağlı “Web of Science” elmisimetrik indeks bazasında Azərbaycanlı müəlliflərin elmi məqalələrinin sayı 10-u keçməz. Halbuki xarici müəlliflərin sayı onlarladır və bu məqalələrin çoxusu Nizamini fars şairi kimi dünyaya təqdim edir.
Azaərbaycanın əsrlər boyu tarixi məskunlaşdığı ərazilərinin kiçilməsi, xalqının qırılması, soyqırıma uğraması ilə nəticələnən reallıqlardan bəhs edən elmi məqalələrin Web of Science, Scopus, Mendeley, EBSCO və s. kimi dünya elminin müraciyət etdiyi platformlarda sayı barmaqla sayılacaq qədər azdır. ResearchGate, Dimension, Academia.edu kimi elmi məqalə bazalarında Azərbaycanda gedən müasir proseslərin təhsil, ümumilikdə isə iqtisadi-sosial, siyasi sahələrdə aparılan islahatların müsbət təsirlərinə toxunan azərbaycanlı müəlliflərin ingilis dilində sanballlı impakt faktorlu elmi məqalələrinin sayı olduqca azdır.
Bir neçə kəlimə heç kəsə lazım olmayan Universitet jurnalları barədə
Jurnalistikanın aparıcı istiqaməti kimi elmi məqalələrin nəşri Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin dünya elmi ictimaiyyətinə çatırılmasında mühim əhəmiyyət kəsb edir. Bəs Universitetlərimizdə elmi jurnalların fəaliyyəti nə yerdədir? Qabaqcadan deyim ki, olduqca bərbaddır və danışılası deyil. Elmi jurnalları olmadan Universitetlərimizin hansı beynəlxalq reytinqindən danışmaq olar? Alim adını daşıyan və Universitetlərdə işləyən ixtisaslı müəllimlər Universitet reytinqindən daha çox öz reytinqlərinə çalışırlar, çünki bu birbaşa onların məvaciblərinə təsir edir. Ölkədə mövcud olan ümumi tendensiya bundan ibarət idi ki, yazılan ən yaxşı məqalələr xaricdə çap olunmalıdır. Zəif və heç bir orjinallığı olmayan yazılar yerli jurnallarda azərbaycan dilində çap edilə bilər. Bu sahədə əməli fəaliyyət və konkret nəticə ortaya qoyan yaxud buna çalışan elmi jurnalların qarşısında isə nəhəng bürokratik baryerlər mövcuddur. Pedoqoji sahədə çalışan yaxud çalışmayıb elmi tədqiqatla məşğul olan alimlərimizin məqalə və kitablarını indeksləyən, informativ, elmisimetrik baza vahid platforma yoxdur. Universitetlərimizin elmi jurnalları nəinki dünyanın aparıcı elmi jurnalları, hətta deyərdim ki Afrikanın ən geri qalmış elmi jurnalları ilə rəqabət apara bilməyəcək qədər zəifdir. Elmi aktuallığını “gözə soxan” məqalələrin istifadə etdikləri ədəbiyyat 70 il əvvəlin sovet ədəbiyyatıdır. Ümumiyyətlə heç bir alim digərini oxumur və istinad vermir. Azərbaycan dilində on illərlə nərş olunan jurnalda illərlə bir dənə xarici alimin məqaləsi çap edilmir. Universitet jurnalları kimin üçün çalıb kimin üçün oynayırlar bəlli deyil. Sadəcə bir iki Universitetin bir neçə ədəd jurnalını çıxmaq şərtilə Universitet jurnallarının çoc ciddi islahatlara ehtiyacı var. Əvvəl axır sual verən olacaqmı ki, “Sən ingilis dilində yazıb dünyaya çıxa bilmirsənsə və dünya səni oxuyub istinad vermirsə, onda sən sənin yazdığın kimə lazımdır?”
Alimlərimizdən müxalif yönümlü yanaşma tələb olunur.
Burada diqqət ediləsi çox incə məqamlar var. Azərbaycandan hər il onlarla alim öz elmi məqalələrini xarici elmi jurnallarda nəşr edirlər. Bu jurnalların əksəriyyəti artıq bu sahədə öz sözünü demiş Taylor - Francis, Sage, Springer, Brill, Elsevier, Emerald kimi nəhəng şirkətlərin; Oxford Univ. press, Cambridge Univ. press, Utah Univ. press kimi dünyaca məşhur Universitet nəşriyyatların, elmi-tədqiqat İnstitutların və s. payına düşür. Belə bir sual oluna bilər ki, öz ölkələrinə və ənəvəvi siyasətlərinə bağlı olan bu təşkilatlarda bizim alimlərimizin məqalələri necə və nə cürə və hansı məqsədlərlə nəşr olunur? Ümumiyyətlə beynəlxalq elmi platformalarda elm adamlarımızın nə işlə məşğul olması olduqca naməlum qalan bir situasiyadır. Sadəcə ildə bir dəfə olduqca aşağı impakt faktorlu jurnallarda dərc olunaraq Wos, Scopus elmisimetrik elmi bazalarında məqalələrin indekslənməsinin statistik göstəriciləri böyük elmi nailiyyət sayılır. Lakin bu məqalələrin məzmunu və hansı prosedurlardan keçərək çap edilməsi isə ümumilikdə heç bir qurumu düşündürmür. Qeyd edim ki, onların çoxunda ölkəmizin əleyhinə fikirlər səsləndirilir. Lakin buna baxan varmı? Çünki alimlərdən tələb olunan sadəcə göstəricilərdir. Çap edilən elmi məqalələrin cəmiyyətə nə dərəcədə faydalı olub-olmadığı sual altındadır. Azərbaycanda ictimaiyyətə açıq olan və müzakirə edilə bilən elmi platformların yaradılması artıq labüddür. Əfsuslar olsun ki, belə lahiyələrin ortaya çıxmasina süni maneələr, böyük əngəllər törədilir.
Azərbaycanda elmi jurnalların və məqalələrin indeksləndiyi baza yaratmaq olarmı?
Azərbaycanda humanitar sahədə belə bir elmi jurnal yoxdur ki, sırf ingilis dilində beynəlxalq elmi standartlara tam riayət etsin və Scopus yaxud WoS tərəfindən indekslənsin. Halbuki Azərbaycanda nəinki elmi jurnal, hətta nəhəng elmisimetrik platformlarda yaratmaq mümkündür. Çünki artıq çox ölkədə Millli baza sistemləri formalaşmışdır. Və bu milli platformalar bütün çap edilən məqalələri indeksləyir, cidi elmi məqalələri və onlara olan istinadları düzgün müəyyənləşdirir və dünya elmi kitabxanalarına “ötürür”.
Bu elmsimetrik platforma əsasında Azərbaycanda hansı alimin elmi səviyyəsinin hansı dərəcədə olduğunu müəyyənləşdirmək asanlıqla mümkündür.
Belə bir elmi platforma alimlərimizin tədqiqatçılarımızın monitorinqini açıq-aşikar ortaya qoyar, şəffaflığı təmin edər və elm adamlarımıza yeni yaradıcılıq imkanları açar onlara böyük stimul verər. Azərbaycan da belə böyük elmi platformlara keçməyin vaxtı nəinki çatıb, hətta keçibdə. Elmi jurnallarımıza xarici nüfuzlu alimlərin müraciəti yox dərəcəsindədir. Onların maaliyyəlişməsidə olduqca zəifdir. Maaliyyə - jurnalın satış gücünə deyil, müəlliflərdən qabaqcadan razılaşma əsasında alınan pula əsaslanır və bu situasiyada jurnal qabaqcadan pul aldığı müəllifin məqaləsini nəşr etməyə məcburdur. Bir neçəsini çıxmaq şərtiylə elmi jurnallarımızın heç bir satış qabiliyətindən söhbət gedə bilməz. Dünya elmi ictimaiyyəti elm sahəsində ən son yenilikləri, tibbi texnoloji kəşfləri, yeni fəlsəfi konsepsiyaları Springerin, Elsevierin jurnallarından öyrəndiyi halda bizim elmi jurnallarımızın nəinki adi beynəlxalq nəşr lisenziyaları (CCND) heç ingilis dilində normal vebsaytları yoxdur ki, elementar Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilsinlər. Lakin əfsuslar olsun ki, problemin həllinə çalışmaqdan daha çox onun problem olaraq qalmasına göz yumulur.
Son söz. Bir ölkənin elmi simasını onun çap etdiyi və dünya standartlarına uyğunlaşdırdığı, xarici nüfuzlu alimlərin də cəlb olunduğu elmi jurnalları təşkil edir. Özümüzün yazdığımız Azərbaycan dili ilə yanaşı heç bir dildə yayınlamadığmız və heç kəsin oxumadığı, beynəlxalq standartların tətbiq edilmədiyi, indekslərdən keçməyən jurnalları nəşr etməkdənsə nəşr etməmək daha yaxşıdır. Ən biabırçısı da odur ki, qurunun oduna yaş da yanır. Bəzən görürsən ki, bu lazımsız jurnalların səhifələrində elə sanballı məqalələr olur ki, jurnalın ingilis dilində online məqaləni dünyaya çatdıra bilmədiyinə görə heç kəs onu duymur və bilmir. Beləcə yaxşı məqalələr də zay olub gedir. Xalq dilində desək “nə ölümüzün qədrini bilirik, nə dirimizin”.
Rahil Nəcəfov