Logo

Polşa Milli Assambleyasının nümayəndə heyəti BSU-da olub

02.10.2025 10:49 86 baxış
IMG

Oktyabrın 1-də Pşemışlav Vitekin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Polşa parlamentinin nümayəndə heyəti və Polşanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radovski Bakı Slavyan Universitetində olublar. 

Qonaqları salamlayan BSU-nun rektoru Anar Nağıyev qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin tarixi kökləri var. Polşa və Azərbaycan arasında dövlətlərarası əlaqələrin inkişafı təhsil sahəsində, o cümlədən universitetlər arasında əlaqələrin inkişafı üçün də yeni imkanlar açır. Rektor BSU-nun Qafqazda polyak dili və polonistika sahəsində əsas mərkəz olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, növbəti ilə BSU-da polyak dilinin tədrisinə başlanılmasının 30 ili tamam olacaq. Universitetdə polyak dili iki ixtisasda -Tərcümə və Regionşünaslıq ixtisaslarında tədris olunur. Son illərin statistikası göstərir ki, tələbələr arasında polyak dilinə maraq ilbəil artır. Universitetdə fəaliyyət göstərən Polşa Tədris və Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə məlumat verən rektor qeyd edib ki, mərkəzin xidmətlərindəntələbələrlə yanaşı, Polşa ilə maraqlanan, bu istiqamətdə tədqiqat aparan digər şəxslər də istifadə edə bilirlər. Ötən illər ərzində mərkəzdə Azərbaycan dilindən polyak dilinə, polyak dilindən isə Azərbaycan dilinə kitabların tərcüməsi həyata keçirilib. Universitetin Polşanın elm və təhsil müəssisələri ilə əlaqələrinə gəlincə, BSU hazırda Adam Marşalek Nəşriyyat Qrupu, Polşa Milli Akademik Mübadilə Agentliyi, Varşava, Lodz, Poznan, Torun, Seçin Universitetləri ilə sıx əməkdaşlıq edir.  Hazırda universitetdə 100 tələbənin polyak dilini öyrəndiyini diqqətə çatdıran Anar Nağıyev BSU tələbələrinin, professor müəllim heyətinin Polşada keçirilən yay məktəblərində fəal iştirak etdiyini vurğulayıb. 

Nümayəndə heyətinin rəhbəri Pşemışlav Vitek BSU-nun rektoru Anar Nağıyevə qonaqpərvərliyə, polyak dilinin və mədəniyyətinin öyrənilməsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib və bu sahədə əməkdaşlığa töhfə vermək istədiklərini vurğulayıb. 

Həmçinin görüş zamanı təhsil sahəsində əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. 

Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Polşa Tədris və Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olublar.


 

Xəbər lenti