XXI əsrin sürətlə dəyişən tələbləri önündə təhsil sistemlərinin köklü dönüşümdən keçməsi zəruridir. Bu transformasiyanı yalnız dərsliklərə yeni məzmun əlavə etməklə, test mərkəzli yanaşmanı yüngülləşdirməklə və ya rəqəmsal texnologiyalara keçməklə həll etmək mümkün deyil. Təhsil eksperti Kamran Əsədov ilə söhbətimizdə o, XXI əsrin bacarıqlarına uyğun təhsil modelinin nə olması, dünya ölkələrinin təcrübələri, Azərbaycan üçün prioritet istiqamətlər və qanunvericilik bazasının rolu barədə konkret təkliflərini və müşahidələrini paylaşdı.
Kamran Əsədov vurğulayır ki, XXI əsrin tələbləri yalnız məlumatın əldə edilməsi deyil, informasiyanı dəyərləndirmə, kompleks problemləri həll etmə, əməkdaşlıq, rəqəmsal savad və ömür boyu öyrənmə qabiliyyətidir. “Biz hələ də məktəblərdə əsasən biliklərin reproduksiyasına fokuslanırıq. Halbuki iş dünyası və cəmiyyət indi daha çox problemlərin həllini, kritik və yaradıcı düşüncəni, komandada işləməyi tələb edir”, — deyə o bildirir.
Kamran Əsədovun sözlərinə görə, ölkələr bu dönüşümü fərqli yollarla həyata keçirir. Sinqapurun uğurunun əsas amili daimi pedaqoji peşəkarlıq, dərs planlarında problem həllinə yönəlik tapşırıqlar və qiymətləndirmədə performans tapşırıqlarının tətbiqidir. Finlyandiya isə müəllim hazırlığına və müəllimə etibarə önəm verərək uzunmüddətli dərslik və qiymətləndirmə islahatları aparıb; burada məktəb və müəllimlər yerli kontekstə uyğun kurikulum yaratmağa imkan alır. Estoniya rəqəmsal savad və məktəb strukturlarının çevikliyinə yatırım edərək qısa müddətdə uğurlu nəticələr əldə edib. Bu beynəlxalq təcrübələrdən çıxan əsas dərs odur ki, sistemli islahat — kurikulum, müəllim inkişafı, qiymətləndirmə və infrastrukturla birlikdə aparılmalıdır; yalnız texnologiya əlavə etməklə yetərli nəticə alınmır.
Statistik nəticələr də vəziyyəti aydın göstərir. Beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın nəticələri hələ də dünya ortalamasından aşağıdır. Riyaziyyat, oxu və təbiət elmlərində şagirdlərin orta göstəriciləri inkişaf etmiş ölkələrdən geri qalır. Bu isə göstərir ki, ölkəmizdə tədris metodikası və məzmun baxımından yenidən dəyərləndirmə aparılmalıdır. Əlavə olaraq, sorğular şagirdlərin rifah göstəricilərində də geriləməni ortaya qoyur ki, bu da təhsil prosesində emosional və sosial bacarıqların daha çox diqqətə alınmasının vacibliyini göstərir.
Kamran Əsədov qeyd edir ki, Azərbaycan qanunvericilik bazası bu dönüşüm üçün ilkin hüquqi zəmin yaradır. “Təhsil haqqında” qanun və ölkəmizin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası ümumi məqsəd və istiqamətləri nəzərdə tutur; qanun təhsilin əlçatanlığı, keyfiyyəti və təkmilləşdirilməsi prinsiplərini müəyyən edir, Dövlət Strategiyası isə struktur və prioritetləri — kurikulum islahatı, müəllim hazırlığının yaxşılaşdırılması, rəqəmsallaşma və inklüzivlik kimi əsas sahələri səciyyələndirir. Lakin Kamranın qənaətinə görə, hüquqi çərçivənin həyata keçirilməsi üçün daha konkret normativ aktlar, resurs bölgüsü və yerində icra mexanizmləri lazımdır.
Praktik təkliflərdən danışarkən, o, beynəlxalq təcrübədən götürülə biləcək konkret addımları sadalayır: kurikulumun fəaliyyətyönümlü elementlərlə zənginləşdirilməsi; müəllimlərin davamlı peşəkar inkişafı üçün qatılımcı, praktik təlim modellərinin tətbiqi; qiymətləndirmələrin yalnız bilik yox, həm də kompleks bacarıqları ölçəcək şəkildə yenidən dizayn edilməsi; və məktəblərarası, məktəb-sənaye əməkdaşlığının inkişaf etdirilməsi. Kamran Əsədov vurğulayır ki, qiymətləndirmə sistemi dəyişmədən dərs metodikasını dəyişmək mümkün deyil — müəllimlər praktiki və layihə əsaslı təlimlər üçün motivasiya edilməli, şagirdlərin yaradıcı layihələri rəsmi qiymətə çevrilməlidir.
Kamran Əsədov həmçinin qiymətləndirmə və tədqiqatın roluna diqqət çəkir. O deyir: “Milli qiymətləndirmə və monitorinq sistemimiz beynəlxalq standartlarla uzlaşmalıdır; biz yalnız beynəlxalq nəticələrə baxmaqla kifayətlənə bilmərik — milli səviyyədə XXI əsr bacarıqlarını da ölçən yeni alətlər hazırlamalıyıq.”
Azərbaycan üçün müqayisəli təhlildə Kamran Əsədov qeyd edir ki, ölkəmizdə müəllim hazırlığı və motivasiyası sahəsində maneələr hələ də qalmaqdadır: əməkhaqqı səviyyəsi, peşəkar inkişaf üçün davamlı vaxt və resurs ayrılması, müasir pedaqoji metodların tətbiqi üçün məktəb rəhbərliyinin və yerli icmanın iştirakı kifayət qədər güclü deyil. Qərb və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, müəllim peşəsinə hörmət və iqtisadi təminat, peşəkar inkişafın strukturlaşdırılmış olması və praktik müəllim təlimləri nəticə verir. Estoniya və Finlyandiya nümunələri göstərir ki, yüksək keyfiyyətli müəllim hazırlığı və peşəkar muxtariyyət uzunmüddətli olaraq şagird nəticələrini yaxşılaşdırır.
Kamran Əsədov qanunvericiliyə uyğun olaraq qeyd edir ki, qanun texniki olaraq imkan yaratsa da, reallıqda regionlar üzrə resurs bərabərsizliyi, məktəblərin infrastrukturunun müxtəlifliyi və yerli təcrübə fərqləri qanunların səmərəli tətbiqinə mane olur. O, xüsusilə “Təhsil haqqında” qanunun ümumi məqsədlərinə işarə edir və bildirir ki, qanunun ruhuna uyğun olaraq bütün pillələrdə inklüziv və keyfiyyətli təhsilə çatmaq üçün resursların hədəflənmiş yenidən bölüşdürülməsi və yerli idarəetmədə səlahiyyətlərin daha praktik paylaşılması vacibdir.
Müsahibənin sonunda Kamran Əsədov oxşar fikirə gəlir: transformasiya təkcə kurikulum islahatı deyil — bu, müəllimlərin, məktəb rəhbərliyinin, valideynlərin və yerli icmaların yeni rolları qəbul etməsi deməkdir. “Təhsil yalnız məktəbdə baş vermir; məktəb, ev və icma üçlüyü birgə işləməlidir. Azərbaycan üçün prioritet — müəllim hazırlığını beynəlxalq standartlara yaxınlaşdırmaq, qiymətləndirmədə yeni alətlər tətbiq etmək və şagirdlərin sosial-emosional rifahını gücləndirməkdir”, — deyə Kamran yekunlaşdırır.
Bəhman Hüseynli