Logo

PMS imtahanının II mərhələsi üzrə qeydiyyat elan edilib

07.10.2025 11:28 40 baxış
IMG

Peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsi üzrə noyabrın 2-də keçiriləcək imtahana qeydiyyat elan edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) TƏHSİL.BİZ -ə bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 7 oktyabr saat 10:00-dan 22 oktyabr saat 10:00-dək DİM-in internet səhifəsində daxil olub qeydiyyatdan keçə bilərlər.

İmtahan vermək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə imtahanda 40 tapşırıqdan ibarət test bloku təqdim olunur. İmtahandan maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Həmin ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beşillik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcək.

İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqəsini imtahan tarixinə 3-4 gün qalmış DİM-in saytından çap etmək mümkün olacaq.

Xəbər lenti