Logo

BMU-İNHA İDP tələbələrinin layihəsi II yerə layiq görülüb

06.10.2025 16:56 42 baxış
IMG

Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri Heydər Əliyev Mərkəzində keçirilən “Dayanıqlı Expo: Planet üçün İncəsənət və İnnovasiya” adlı sərgidə uğurlu nəticə əldə ediblər. 

TƏHSİL.BİZ xəbər verir ki, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində təşkil olunan tədbirdə BMU-İNHA İDP-nin “Elektrik mühəndisliyi” ixtisası üzrə 3-cü kurs tələbələri Nəzrin Nurullayeva (layihənin rəhbəri) və Məhəmməd Şərbətovun sərgiyə təqdim etdiyi “Yaşılscan” layihəsi II yerə layiq görülüb.

Tədbirin əsas məqsədi iqlim böhranına qarşı mübarizədə gənclərin yaradıcılıq, innovasiya və bədii ifadə vasitəsilə həyata keçirdikləri layihələrin təşviq edilməsi, həmçinin ekoloji problemlərin həllində onların fəal iştirakının dəstəklənməsi olub.

BMU-İNHA İDP tələbələrinin sərgi iştirakçıları tərəfindən maraqla qarşılanan “Yaşılscan” layihəsi kənd təsərrüfatında çürümüş meyvə və tərəvəzlərin sağlam məhsullara təsiri nəticəsində məhsuldarlığın azalması və fermerlərin iqtisadi zərərlə üzləşməsi probleminin texnoloji həlli kimi təqdim olunub. Həll mexanizminə əsasən, multispektral sensorlarla təchiz olunmuş sahələr havadan skan edilir. Sensorlar sağlam və çürük məhsulları ayırd edir və nəticələr mobil tətbiq üzərindən fermerlərə təqdim olunur. Layihə vaxt, işçi qüvvəsinə qənaət, eyni zamanda məhsul itkisini minimuma endirmək baxımından mühüm üstünlüklər daşıyır.  

Universitet tələbələrinin bu uğuru onların innovativ düşüncə, texnoloji yaradıcılıq və elmi biliklərini praktik tətbiqetmə bacarığının göstəricisidir. Qazanılan nəticə həm də BMU-nun tələbələr arasında iqlim dəyişikliklərinə dayanıqlı həllərin təşviqinə verdiyi dəstəyin bariz nümunəsidir.

 

 

 

 


 

Xəbər lenti