Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Qida təhlükəsizliyi və mühəndislik: tələbələr üçün yeni yollar və geniş imkanlar” mövzusunda təlim keçirilib.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir gənclərin elm, texnologiya və sənaye sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub.
Fakültənin dekanı Afət Məmmədova bildirib ki, bu cür görüşlər tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsinə, müasir istehsalatla tanış olmasına geniş imkan yaradır. O vurğulayıb ki, qida təhlükəsizliyi və keyfiyyət standartlarına riayət etmək qlobal prioritetlərdən biridir və tələbələrin bu istiqamətdə müasir yanaşmaları öyrənməsi mühüm əhəmiyyət daşıyır.
Təlimçi, “Azerbaijan Fish Farm” MMC-nin Keyfiyyət və SƏTƏM şöbəsinin müdiri Cavid Qurbanzadə qida sənayesində tətbiq olunan beynəlxalq keyfiyyət idarəetmə sistemləri — ISO 9001, ISO 22000 və HACCP standartları barədə danışıb. O, müəssisələrdə keyfiyyətə nəzarət, risk analizi, istehsalatda təhlükəsizlik qaydaları və ekoloji məsuliyyət prinsipləri haqqında məlumat verib.
Təlim interaktiv müzakirə şəklində davam edib, tələbələrin qida mühəndisliyi sahəsində karyera imkanları, sertifikatlaşdırma və texnoloji yeniliklərlə bağlı sualları cavablandırılıb.