Logo

Britaniyada hər 10 məktəbdən 6-sı kiberhücuma məruz qalır

06.10.2025 16:54 47 baxış
IMG

Böyük Britaniyada orta məktəblərin 60 faizi son bir il ərzində kiberhücum və ya təhlükəsizlik pozuntusuna məruz qalıb. 

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə ölkə hökumətinin illik “Kibertəhlükəsizlik pozuntuları” hesabatında məlumat verilib.

Hesabata görə, təhsil müəssisələri özəl sektora nisbətən daha çox kiberhücum riski altındadır. Orta məktəblərin 10-dan 6-ı, kolleclərin 10-dan 8-i, ali təhsil müəssisələrinin isə 10-dan 9-u son 12 ayda kiberinsidentlə üzləşib. Müqayisə üçün, bu göstərici biznes müəssisələrində 4-dən 10-dur.

Kibertəhlükəsizlik şirkətinin Qlobal təhdid analiz şöbəsinin rəhbəri Tobi Lyuisin sözlərinə görə, təhsil sektoru çox zaman məqsədli şəkildə deyil, təsadüfən hücumlara tuş gəlir: “Onlar sadəcə kibercinayətkarlığın təsadüfi qurbanlarına çevrilirlər. Hücumların çoxunda planlılıqdan çox, fürsətçillik və təsadüf rol oynayır”, – deyə o bildirib.

Ən çox rast gəlinən hücum forması isə “fişinq”, yəni saxta elektron məktublar vasitəsilə parol və məxfi məlumatların ələ keçirilməsidir.

Son illərdə Böyük Britaniyada “ransomware” (şantaj məqsədli məlumat şifrləmə) hücumları da geniş yayılıb. Məsələn, bu il Vest Lotiya bölgəsindəki məktəblərin məlumatları kiberhücum nəticəsində oğurlanıb. Oxşar hallar keçmişdə Mançester, Nyukasl və Vulverhempton universitetlərində də qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, dövlət məktəbləri maliyyə çatışmazlığı və ixtisaslaşmış kadrların azlığı səbəbindən daha həssasdır. Universitetlər isə çoxsaylı tələbə və açıq şəbəkə mühiti ilə risk altındadır.

Hökumət rəsmiləri məktəblərə kiberhadisələrə qarşı reaksiya göstərmək üçün xüsusi komanda yaradıldığını və müəllim heyəti üçün pulsuz təlimlərin keçirildiyini bildiriblər. Bununla belə, nazirlik yaxın vaxtlarda məktəblər, səhiyyə müəssisələri və bələdiyyələr üçün “ransomware ödənişlərinin qadağan edilməsi” mexanizmini tətbiq etməyi planlaşdırır. 


 

Xəbər lenti