Logo

“Yüksəliş” müsabiqəsinin qaliblərinin iştirakı ilə həyata keçirilən ikinci Tələbə Mentorluq Proqramı başa çatıb

06.10.2025 15:07 34 baxış
IMG

“Yüksəliş” müsabiqəsinin qaliblərinin iştirakı ilə həyata keçirilən ikinci Tələbə Mentorluq Proqramı yekunlaşıb. Mentorluq Proqramına 12 universitetdən seçilmiş 80 tələbə cəlb olunub. Onlardan 54 nəfəri proqramı uğurla tamamlayaraq sertifikatla təltif edilib.

Müsabiqənin İşçi Qrupundan TƏHSİL.BİZ -ə bildirilib ki, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev Tələbə Mentorluq Proqramının gənclərin inkişafında oynadığı rolu yüksək qiymətləndirib, bu təşəbbüsün onların karyera yolunda mühüm dayaq olduğunu vurğulayıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Mentorluq Proqramında iştirak edən tələbələrin fəallığını və əldə olunan real nəticələri xüsusi qeyd edib. O, proqramın həm tələbələr, həm də qaliblər üçün qarşılıqlı öyrənmə və inkişaf imkanı yaratdığını bildirib.

Tədbirdə müsabiqə qalibləri, işçi qrupunun üzvləri və tələbələr Mentorluq Proqramı çərçivəsində qazanılan qarşılıqlı təcrübələri bölüşərək bu proqramın gənclərin inkişafında mühüm rol oynadığını vurğulayıblar. Onlar tələbələrlə iş prosesində əldə olunan nəticələrin gələcək nəsillərin formalaşmasında töhfə verdiyini qeyd ediblər.

Bu mərhələdə mentorlar tərəfindən tələbələr üçün 20 təlim təşkil olunub, ümumilikdə 396 mentorluq görüşü baş tutub. Proqramda “Yüksəliş” müsabiqəsinin 1-ci, 2-ci və 3-cü müsabiqəsinin qalibləri daxil olmaqla, 28 nəfər mentor kimi iştirak edib və tələbələrə bilik, təcrübə və bacarıqlarını ötürüblər.

Tələbələrin bir qismi mentorların dəstəyi ilə işlə təmin olunub, bir çoxu isə təcrübə proqramlarına qoşularaq müxtəlif layihələrdə aktiv iştirak edib. Mentorlar və tələbələr arasında qurulan əməkdaşlıq onların şəxsi inkişafına, peşəkar bacarıqlarının formalaşmasına və gələcək karyera istiqamətlərinin müəyyənləşməsinə mühüm töhfə verib.

Qeyd edək ki, 2023-2024-cü illərdə birinci dəfə təşkil olunan Tələbə Mentorluq Proqramı uğurla həyata keçirilib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalanıb.

Xəbər lenti