Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin təşkilatçılığı ilə Azərbaycanın ilk qadın elmlər doktoru, professor Şaqibə Əhmədovanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra professor Şaqibə Əhmədovanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.
Fakültənin dekanı dosent Şəlalə Zeynalova görkəmli alimin fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra Qida təhlükəsizliyi və gigiyena kafedrasının dosenti Dursun Adıgözəlova, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Rüşeym plazması laboratoriyasının müdiri Sevinc Məmmədova, ADAU-nun əməkdaşı Nüsrət Hüseynov çıxış edərək professor Şaqibə Əhmədovanın elmi-pedaqoji fəaliyyəti və baytarlıq sahəsində qoyduğu izlərdən bəhs ediblər.
Tədbirdə alimin ailə üzvləri - Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının dosenti, qızı Gülcamal Həsənova, Gənclər və İdman Nazirliyinin Binəqədi Gənclər Evinin rəhbəri, nəvəsi Günel Həsənova, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin ümumi şöbə müdiri, qohumu Akif Bayramov çıxış edərək yubiley tədbirinin təşkilinə görə təşəkkürlərini bildiriblər.
Bədii hissədə görkəmli alimin qardaşı Zərif Qayıbovun adını daşıyan 5 saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin musiqi nömrələri səsləndirilib. Daha sonra ADAU tələbələrinin ifaları təqdim olunub.