"Təhsil krediti ilə oxuyan məzunların 65 faizinin geri ödəməsi başlayıb”.
Bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov 30-a yaxın dövlət və özəl sektorda təmsil olunan mütəxəssislərin iştirakı ilə “Karyera imkanları və işəgötürənlərlə əməkdaşlıq” mövzusunda keçirdikləri tədbirdə deyib.
Onun sözlərinə görə, təhsil krediti ilə oxuyan məzunların 5890 nəfəri, yəni 44.16 faizi işləyir. 7447 nəfəri, başqa sözlə 55.84 faizi işsizdir. İşsizlərin arasında 2023/2024-cü və 2024\2025-ci tədris ilinin məzunları da var və onların 2 il güzəşt dövrü davam edir.
B.Əzimov deyib ki, geri ödənişində problemlər müşahidə olunan şəxslər arasında işsizlər var: “Bizim də prioritetimiz onlardır: geri ödəmə dövrü başlayan və ödəniş etmək iqtidarında olmayanlar. Bizi maraqlandıran odur ki, onların hansı problemləri var, əmək bazarına niyə inteqrasiya olunmurlar. Təbii ki, burada bir çox öhdəliklər var. Məqsədimiz tələbələrin bilik və bacarıqlarının artırılması, rəqabətqabiliyyətli, əmək bazarının çağırışlarına uyğun olaraq yumşaq və texniki bacarıqlarının inkişaf etdirilməsi istiqamətində əməkdaşlıqlar qurmaq, ən əsası, geri ödənişlərə nail olmaq, bu mexanizmin daha işlək olmasına töhfə verməkdir. İşəgötürənlərin burada rolu böyükdür”.