Bakı Mühəndislik Universitetində (BMU) IAAR (Independent Agency for Accreditation and Rating) beynəlxalq akkreditasiya agentliyinin ekspertlərindən ibarət komissiya heyəti ilə görüş keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, IAAR ekspertlərinin BMU-ya səfəri universitetin bakalavriat səviyyəsindəki 6 ixtisası (“İnformasiya təhlükəsizliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Kimya mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”) özündə ehtiva edən iki klaster üzrə təhsil proqramlarının beynəlxalq standartlara uyğunluğunu qiymətləndirmək məqsədi daşıyır. Ekspertlər qeyd olunan ixtisaslar üzrə proqramları IAAR-ın Xarici Təhsil Təşkilatları və Təhsil Proqramlarının Beynəlxalq Akkreditasiyası üzrə Standart və Təlimatlarına (ESG əsasında) uyğun olaraq dəyərləndirir.
BMU-nun rektoru Yaqub Piriyev universitetin 2025-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planında təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq akkreditasiyanın aparılmasının əsas hədəflər sırasında yer aldığını bildirib. Akkreditasiyanın önəminə diqqət çəkən rektor deyib ki, bu proses təhsil və elmi fəaliyyətin qlobal standartlara uyğunluğunu təmin etmək, tələbələrin, məzunların beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq, xaricdə təhsil və karyera imkanlarını genişləndirmək, habelə universitetin beynəlxalq əməkdaşlıqlarını gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır. Akkreditasiyanın, həmçinin universitetlərin davamlı inkişafını və tədris keyfiyyətinin yüksəldilməsini təşviq etdiyi vurğulanıb. Yaqub Piriyev son illər BMU-da təhsil proqramlarının yenilənməsi, akademik heyətin gücləndirilməsi, müasir laboratoriyaların yaradılması, beynəlxalq ikili diplom proqramlarının icrası, müəllim-tələbə mübadiləsinin gerçəkləşdirilməsi, elmi-tədqiqat, innovasiya fəaliyyətləri, keyfiyyət təminatı sahəsində görülən işləri də diqqətə çatdırıb. Habelə BMU-nun beynəlxalq reytinqlərdə irəliləməsi, QS reytinqində dünya universitetləri sırasında TOP 1000-liyə düşməsi qeyd olunub, akkreditasiya prosesinin uğurla nəticələnəcəyi təqdirdə bunun ali məktəbin daha ciddi uğurlar qazanmasında önəmli rol oynayacağına əminlik ifadə edilib.
Komissiya heyətinə akkreditasiyadakı əməklərinə görə təşəkkürlərini çatdıran Yaqub Piriyev prosesin tamamlanması üçün ekspertlərin bundan sonra da bütün zəruri məlumatlarla təmin ediləcəyini deyib.
Çıxış edən komissiya heyətinin üzvləri BMU-da olduqları müddətdə onlara yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib və son iki gün ərzində keçirdikləri görüşlər, onlara təqdim olunan informasiyalar haqda ilkin təəssüratlarını bölüşüblər. BMU-da müasir laboratoriyaların, Texnoparkın mövcudluğu, sənaye müəssisələri ilə əlaqələrin səmərəli təşkili, o cümlədən rəqəmsallaşdırılma işləri, mövcud elektron sistemlər, elmi-tədqiqat imkanları və tələbəyönümlü idarəetmə modeli yüksək qiymətləndirilib.
Görüşdə komissiya heyətinin sualları cavablandırılıb, akkreditasiya prosesinin ilkin mərhələsinin uğurla başa çatdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda nümayəndə heyətinə BMU-nun xatirə hədiyyələri tədqim edilib.