Oktyabrın 7-də Mingəçevir Dövlət Universitetində (MDU) “British Council” təşkilatı ilə əməkdaşlıq çərçivəsində müəllim və əməkdaşların ingilis dili biliklərinin təkmilləşdirilməsi üzrə təlim proqramına başlanılıb.
TƏHSİL.BİZ xəbər verir ki, layihə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.
Proqramın məqsədi universitet əməkdaşlarının dil biliklərini inkişaf etdirmək, onları müasir tədris metodları ilə tanış etmək və beynəlxalq təhsil mühitinə inteqrasiyasını gücləndirməkdir.
Təlim proqramı çərçivəsində müraciət edərək seçilmiş 40 nəfər MDU əməkdaşı və müəllimi 7–9 oktyabr tarixlərində keçirilən səviyyə imtahanlarında iştirak edirlər. İmtahanların təşkili və keçirilməsi “British Council” təşkilatının nümayəndələri tərəfindən təmin olunur.
Səviyyə imtahanlarının nəticələrinə əsasən, iştirakçılar ingilis dili bilik səviyyələrinə uyğun qruplara bölünərək 6 ay müddətində, ümumilikdə 160 akademik saatlıq təlim proqramına qoşulacaqlar. Təlimlər hibrid formatda (əyani və onlayn) və ödənişsiz şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, bu təşəbbüs MDU-da beynəlxalq əməkdaşlığın genişləndirilməsi, tədris keyfiyyətinin və akademik potensialın artırılması istiqamətində atılan növbəti addımdır.