Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi “Golden West” şirkətinin nümayəndələri ilə görüş keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə tədqiqat və inkişaf, tərəvəz və tarla bitkilərinin toxumlarının istehsalı və paylanması sahəsində fəaliyyət göstərən “Golden West” şirkətinin türk dövlətləri üzrə meneceri İsmayıl Yılmaz və pambıq məhsulları üzrə meneceri Mustafa Onurcan Ateş iştirak ediblər.
Əvvəlcə universitetin rektoru Zəfər Qurbanov Dövlət Aqrar Universitetinin fəaliyyəti barədə ətraflı məlumat verib. Rektor qeyd edib ki, ADAU aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında ölkənin aparıcı ali təhsil müəssisəsidir və burada həm nəzəri biliklərin, həm də praktiki bacarıqların formalaşdırılmasına xüsusi önəm verilir.
Zəfər Qurbanov bildirib ki, universitetin əsas hədəflərindən biri elmi-tədqiqat və istehsal əlaqələrinin genişləndirilməsi, aqrar sektorun inkişafına xidmət edən innovativ yanaşmaların tətbiqidir. Bu baxımdan “Golden West” kimi beynəlxalq təcrübəyə malik şirkətlə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.
Görüş zamanı tərəflər arasında qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub. Tələbələrin praktik biliklərinin artırılması, toxumçuluq istiqamətində elmi-tədqiqat işlərinin aparılması və təcrübə mübadiləsinin təşkili kimi sahələrdə birgə fəaliyyətin vacibliyi vurğulanıb.
Sonda universitetin tanıtım videoçarxı nümayiş etdirilib və qarşılıqlı əməkdaşlığa dair ilkin razılıq əldə olunub.
Daha sonra qonaqlar Universitetin Aqronomluq fakültəsində və Toxumçuluq laboratoriyasında olublar.