Cari ilin oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası postsovet məkanında yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır. Toplantıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız milli maraqlarını müdafiə edən ölkə deyil, həm də regionda sabitlik, əməkdaşlıq və inteqrasiya proseslərinin aparıcı qüvvəsidir. Ölkə başçısı cənab İlham Əliyevin Düşənbədəki çıxışında irəli sürdüyü tezislər Azərbaycanın xarici siyasət fəlsəfəsini aydın şəkildə ortaya qoydu. Bu fəlsəfə pragmatizm, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır. Azərbaycan MDB məkanında inteqrasiyanı formal mexanizm kimi deyil, real iqtisadi və humanitar əməkdaşlıq müstəvisində dəyərləndirir. Bu baxımdan, dövlət başçısının çıxışında regional həmrəyliyin gücləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və mədəni inteqrasiyanın təşviqi kimi istiqamətlər xüsusi vurğulandı. Düşənbə iclası Azərbaycan–Tacikistan əlaqələrinin inkişafında yeni mərhələ kimi qiymətləndirilə bilər. Azərbaycan və Tacikistanı birləşdirən əsas amillər yalnız diplomatik yaxınlıq deyil, həm də mədəni, tarixi və iqtisadi ortaq maraqlardır. Hər iki dövlət müstəqil siyasət yürüdür, regionda sabitlik və təhlükəsizlik modelinin tərəfdarıdır.
Dövlət başçısı cənab İlham Əliyev çıxışında iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin ardıcıl şəkildə inkişaf etdiyini xüsusi qeyd etdi. Azərbaycan və Tacikistan xalqları qədim tarixi və mədəni bağlarla bir-birinə bağlıdır. Bu əlaqələr müasir dövrdə dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan çoxsaylı sazişlər və ortaq layihələr vasitəsilə daha da möhkəmlənir.
Ölkə başçısı çıxışında humanitar sahədə əməkdaşlığın MDB dövlətləri arasında münasibətlərin əsas sütunlarından biri olduğunu diqqətə çatdırdı. Azərbaycanın Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunması bu istiqamətdə mühüm hadisə kimi qeyd olundu. Laçında keçirilən “MDB-nin Mədəniyyət Paytaxtı İli” tədbirlərinin açılış mərasimi təkcə Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirmədi, həm də işğaldan azad edilmiş ərazilərin qısa müddətdə necə dirçəlməsinin canlı sübutu oldu. Bir vaxtlar tamamilə dağıdılmış Laçın şəhəri artıq müasir, yaşamaq üçün əlverişli bir məkana çevrilib. Bu, Azərbaycanın bərpa və quruculuq siyasətinin real nəticəsidir və MDB məkanında da yüksək qiymətləndirilir.
Ümumiyyətlə, Ölkə başçısı cənab İlham Əliyevin Düşənbə səfəri və MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlığın dərinləşməsində, beynəlxalq münasibətlərin inkişafında mühüm rol oynayır.
Beləliklə, Düşənbə səfəri həm diplomatik, həm humanitar, həm də strateji baxımdan mühüm nəticələr doğurmuş, Azərbaycanın regional siyasətdə lider mövqeyini bir daha təsdiq etmişdir.
Professor Asəf ZAMANOV,
Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru