Təhsil eksperti Lalə Şirinzadə bildirir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2024-cü il TALIS (Teaching and Learning International Survey) hesabatı Azərbaycan təhsil sistemində maraqlı və bir qədər də narahatedici meylləri üzə çıxarıb. Hesabata əsasən, Azərbaycanda müəllimlərin 78%-i qadındır, bu isə OECD ölkələri üzrə orta göstərici olan 70%-dən yüksəkdir. Lalə Şirinzadənin sözlərinə görə, qadın müəllimlərin çoxluğu, bir tərəfdən, cəmiyyətin təhsilə inamını, qadınların ictimai həyatda fəal rolunu göstərsə də, digər tərəfdən, bu, peşənin sosial statusu və iqtisadi dəyəri ilə bağlı ciddi suallar yaradır.
“Təhsil sahəsində qadınların üstünlük təşkil etməsi ilk baxışda müsbət görünə bilər. Amma əgər kişi müəllimlərin sayı azdırsa, bu, artıq peşənin cəmiyyət üçün cazibədarlığını itirməsi deməkdir. Əgər müəllimlik cəmiyyətdə iqtisadi baxımdan rəqabətli peşə olsaydı, kişi müəllimlərin payı da bu qədər az olmazdı,” – deyə Təhsil eksperti Lalə Şirinzadə vurğulayır.
OECD məlumatlarına əsasən, Finlandiyada müəllimlərin 72%-i, Norveçdə 74%-i, Fransada 69%-i, Almaniyada isə 66%-i qadındır. Bu ölkələrdə balanslı gender payı təhsil sistemində müxtəliflik və rol modellərinin tarazlığı baxımından önəmli sayılır. Lalə Şirinzadə qeyd edir ki, Azərbaycanda gender balansının bu qədər pozulması həm məktəbdə sosial rolların formalaşmasına, həm də şagirdlərin psixoloji inkişafına dolayı təsir göstərir. “Məktəblərdə kişi müəllimlərin azlığı xüsusilə oğlan şagirdlər üçün mənfi nümunə yaradır. Onlar təhsili daha çox ‘qadın peşəsi’ kimi qəbul etməyə başlayırlar. Halbuki inkişaf etmiş ölkələrdə təhsil sisteminin gücü müəllim heyətinin sosial və cins müxtəlifliyindədir,” – deyə ekspert sitat gətirir.
TALIS 2024 hesabatında həmçinin göstərilir ki, Azərbaycanda təhsilverənlərin cəmi 18%-nin müəllimlikdən başqa bir sahədə iş təcrübəsi var. Halbuki OECD üzrə orta göstərici 57%-dir. Yəni, Avropada və digər inkişaf etmiş ölkələrdə müəllimlərin yarıdan çoxu başqa sahələrdə işləyib, daha sonra təhsil sisteminə keçiblər. Lalə Şirinzadə bildirir ki, bu, müəllimlik peşəsinə yeni ideyalar, geniş dünya görüşü və real əmək bazarı təcrübəsi gətirir. “Müəllim yalnız dərs izah edən deyil, həm də həyatı öyrədən şəxsdir. Əgər müəllimin özünün həyatda fərqli sahələrdə təcrübəsi yoxdursa, o, şagirdə əmək bazarı, peşə yönümü, real həyatda qərarvermə kimi mövzular haqqında praktik nümunələr təqdim edə bilmir,” – deyə Təhsil eksperti Lalə Şirinzadə bildirir.
Hesabatda daha bir mühüm məqam da diqqət çəkir: Azərbaycanda müəllimlikdən əvvəl ən azı on il başqa sahədə işləyən və müəllimliyi ilk karyera seçimi olmayan müəllimlərin payı cəmi 1%-dir, halbuki bu göstərici OECD ölkələrində orta hesabla 8%-dir. Bu fərq göstərir ki, Azərbaycanda müəllimlik çox vaxt alternativsiz bir başlanğıc kimi seçilir, sonradan dəyişilən bir peşə kimi yox. Lalə Şirinzadə hesab edir ki, bu, təhsil sisteminə dinamizm gətirən bir prosesin olmaması deməkdir. “Dünya təcrübəsində, xüsusən də Kanada və Avstraliya kimi ölkələrdə müəllimlik ikinci karyera kimi seçilənlərin sayı getdikcə artır. Məsələn, Kanadada müəllimlərin 22%-i əvvəlcə başqa sahədə çalışıb. Bu, təhsil sisteminə fərqli təcrübə, innovativ baxış və real həyatla əlaqə gətirir,” – deyə ekspert sitat gətirir.
Lalə Şirinzadə qanunvericiliyə əsaslanaraq qeyd edir ki, “Təhsil haqqında Qanunun 5.2-ci maddəsinə” görə, dövlət təhsil işçilərinin peşəkar inkişafı üçün şərait yaratmalı və onların ixtisasartırma prosesini dəstəkləməlidir. Lakin mövcud sistemdə ixtisasartırma çox vaxt formal xarakter daşıyır. “Müəllimlərin inkişafını təmin edən sistemlər mütəmadi olaraq dəyişməli, onların bilik və bacarıqları yenilənməlidir. Əgər müəllim eyni metodla onillərlə dərs deyirsə, bu, nə təhsilin keyfiyyətini, nə də şagirdin düşüncə tərzini inkişaf etdirə bilər,” – deyə ekspert bildirir.
Ekspert həmçinin “Müəllimlərin etik davranış qaydaları haqqında Əsasnamə”yə istinad edərək əlavə edir ki, bu sənəddə müəllimin daim peşəkarlığını artırması və müasir pedaqoji yanaşmaları mənimsəməsi öhdəlik kimi göstərilir. Amma real vəziyyətdə, Lalə Şirinzadənin sözlərinə görə, müəllimlərin böyük qismi bu imkanlardan tam istifadə etmir. Bunun səbəbi həm motivasiyanın, həm də maliyyə dəstəyinin zəifliyidir.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, müəllimlik peşəsinin cəlbediciliyini artırmaq üçün həm sosial status, həm maaş siyasəti, həm də təlim sistemləri paralel şəkildə gücləndirilməlidir. Finlandiyada müəllim olmaq üçün yalnız yüksək akademik nəticə yox, həm də psixoloji və sosial bacarıqlar əsas götürülür. Bu səbəbdən Finlandiyada müəllimlik cəmiyyətin ən nüfuzlu peşələrindən biri sayılır və məzunların yalnız 10%-i bu sahəyə qəbul ola bilir.
Lalə Şirinzadə qeyd edir ki, Azərbaycanda da müəllimlik karyerası cəmiyyətin ən hörmətli peşələrindən biri olmasına baxmayaraq, bu hörmət iqtisadi dəyərlə müşayiət olunmur. “Əgər müəllim layiqli maaş almırsa, onun ixtisasartırmaya, yeniliklərə açıq olmasına motivasiya da azalır. Halbuki, inkişaf etmiş ölkələrdə müəllimlərin maaşı orta aylıq gəlirdən az olmur,” – deyə Təhsil eksperti Lalə Şirinzadə bildirir.
O sonda vurğulayır ki, müəllimlik yalnız bir peşə deyil, cəmiyyətin gələcəyinə yönəldilmiş ən mühüm missiyadır. “Əgər biz təhsil sistemində davamlı inkişaf istəyiriksə, müəllimin peşəkar və sosial statusunu yüksəltməli, müxtəlif sahələrdən gələn insanların bu peşəyə axınını stimullaşdırmalıyıq. Çünki müəllim nə qədər təcrübəli, müasir düşüncəli və sosial cəhətdən təminatlı olarsa, gələcəyin vətəndaşı da bir o qədər keyfiyyətli formalaşar,” – deyə Lalə Şirinzadə qeyd edir.
Bəhman Hüseynli